Avstriyada aprel ayından bəri ən yüksək gündəlik yoluxma sayı qeydə alınıb

Avstriyada aprel ayından bəri ən yüksək gündəlik yoluxma sayı qeydə alınıb

Avstriyada son bir sutka ərzində 303 yeni yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu aprel ayından bəri ölkədə ən yüksək gündəlik artım halıdır. Ötən həftələrdə gündəlik yoluxma hallarının sayı 100-dən aşağı olsa da, son günlər statistikada artım rəsmi qurumları bir sıra sərtləşdirmələrə vadar edə bilər. Preventiv tədbir olaraq Avstriya on minlərlə avstriyalının hazırda tətildə olduğu Xorvatiya ilə bağlı ən yüksək səyahət xəbərdarlığı elan edib və bu ölkədəki bütün vətəndaşlarını vaxt itirmədən vətənə geri dönməyə çağırıb.

Federal Kansler Sebastian Kurts yeni vəziyyəti nəzərə alaraq, ölkənin sərhədlərində yoxlanışların gücləndirilməsini tələb edib. O, təkcə hava limanlarında deyil, eyni zamanda ölkənin quru sərhədlərində də sürətli testlərin tətbiqinə başlanacağını elan edib.

Hazırda Avstriyada aktiv COVID-19 daşıyıcılarının sayı 1824 nəfərdir. İndiyədək ölkə üzrə bir milyondan çox şəxs yeni koronavirusa qarşı testdən keçirilib.

Mənbə: azertag.az