"Kütləvi tədbirlərin keçirilməsi yol verilməzdir" - DEPUTAT

"Kütləvi tədbirlərin keçirilməsi yol verilməzdir" - DEPUTAT

"Koronavirus pandemiyası insanların gündəlik həyat tərzini dəyişib. Dünya və ölkə statistikasında gündəlik bu xəstəliyə yeni tutulanlar və dünyasını dəyişənlər haqqında məlumatlar yayılanda bu ictimaiyyəti məyus edir. 6 ay keçməsinə baxmayaraq pandemiya davam edir. COVİD-19 həyatımızda təhlükə olaraq bizimlə yaşamaqdadır".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Azər Badamov deyib:

"ÜST tərəfindən qəbul olunmuş bir qayda var ki, o da koronavirusdan qorunmaq üçün yeganə yol özünü təcriddir. Tibbi maskanın taxılması, sosial məsafənin qorunması və şəxsi gigiyenasının gözlənilməsi gündəlik həyatımızda hər zaman bizimlə olmalıdır. Xüsusən tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar həyata keçiriləndə bu vacibdir. Pandemiya dövründə toy, yas mərasimləri və kütləvi tədbirlərin keçirilməsi koronavirusa yoluxma təhlükəsini artıırır.

Ona görə də qadağan olunmuş belə kütləvi tədbirlərin keçirilməsi yol verilməzdir və hardasa belə icazəsiz keçirilən tədbirə rast gəliriksə insanlar tərəfindən təşkilatçılar ictimai qınağa çəkilməlidir. Artıq insanların da yeni dövrün çağırışlarına uyğunlaşdığını müşahidə edirik.

Birinci sərt karantin rejimindən sonra ictimai yerlərdə tibbi maska taxanlara az rast gəlinirdisə, indi qapalı ictimai yerlərdə insanların kütləvi şəkildə maska taxdıqlarını və sosial məsafəni gözlədiklərini müşahidə edirik. Məhz insanların pandemiyanın tələblərinə məsuliyyətlə yanaşması,son günlərin statistikasında koronavirus infeksiyasına yoluxmaların sayında azalmaların olunmasına imkan verir.

Ölkəmiz müsəlman ölkəsi olduğundan dini bayramlar da kütləvi tədbirlərin keçirilməsi kimi xalqımızın dini və mənəvi dəyərlərinə uyğun təşkil olunur. Namaz qılmağa, kütləvi dini mərasimlərin keçirilməsinə həyatımızın ayrılmaz hissəsi kimi yanaşırıq.

Buna baxmayaraq koronavirus pandemiyasının yaratdığı təhlükə bu tədbirlərin həyata keçirilməsində yeni yanaşmanın ortaya qoyulmasını günün tələbinə çevirib. İslam dinində insanların sağlamlığının qorunması vacib məsələ kimi qeyd olunur. Məsələn namaz qılmaqdan əvvəl mütləq şəkildə dəstamazın alınması, şəxsi gigiyenasının gözlənilməsi və pak olmaq birinci tələbdir. Həm də xəstəliyin yayılmasına səbəb olmaq və zəmin yaratmaq haram və günahdır. Qlobal pandemiya dünya müsəlmanlarını dini mərasimlərin icrasında yeni yanaşmaya məcbur edib. Məsələn, hər il milyonlarla insanın səfər etdiyi Həcc ziyarətində bu il cəmi min zəvvar iştirak edib. Ramazan və Qurban bayramları da bu il pandemiya dövrünün tələblərinə uyğun təşkil olundu. Təbii ki, bütün bunlar infeksiya təhlükəsindən qorunmaq məqsədi daşıyırdı. İndi isə Məhərrəmlik ayı gəlir.

Yəni, məscidlərdə insanların aşura günlərində kütləvi tədbirlərə qoşulması infeksiyanın yoluxma sürətini artıra bilər. Ona görə də belə mərasimləri texnologiyalardan istifadə etməklə onlayn şəkildə, müəyyən tələblər gözlənilmək, qanverməklə icra etmək mümkün olduğunu düşünürəm. Biz hər addımımızı şüurlu surətdə atmalıyıq ki, ölkəmizdə koronavirus infeksiyası azalmağa doğru getsin.

Artıq dünyanın ayrı-ayrı ölkələrində koronavirusa qarşı peyvəndin icad olunduğunu bildirirlər. Düşünürəm ki, əgər peyvənd icad olunaraq dünyada kütləvi peyvəndlənmə keçirilərsə, tez bir zamanda pandemiyanın sonuna çata bilərik. Həm də pandemiyalar heç vaxt əbədi olmamışdır. İndiki dövrdə bizim səbrlə bu işə düzgün yanaşmağımız pandemiyadan az zərər çəkmiş ölkə kimi qalib gəlməyimizə yol açar".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az