BBC-nin məşhur jurnalisti Paşinyanı azərbaycanlılara qarşı Qarabağda törədilmiş soyqırımların etirafına məcbur etdi…

BBC-nin məşhur jurnalisti Paşinyanı azərbaycanlılara qarşı Qarabağda törədilmiş soyqırımların etirafına məcbur etdi…

Fikrət Sadıqov:“Sabiq Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalistə müsahibəsində Xocalıda baş verənləri etiraf edib”

Ermənistanın baş naziri Nikol Paşinyan BBC-nin “HARDTalk” proqramında çətin vəziyyətə düşüb. Jurnalist Stiven Sakur Paşinyana Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalı, Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribat, mülki vətəndaşımızı qətlə yetirməsi, Dağlıq Qarabağa qanunsuz yol çəkilməsi, Avropa parlamentarilərinin bununla bağlı bəyanatı və digər məsələlərlə bağlı suallar ünvanlayıb. Paşinyan suallar qarşısında aciz duruma düşüb, onlardan yayınıb, rabitəsiz cavablar verib və işğala haqq qazandırmağa çalışıb.

Verilişdə Paşinyanın ifşası ilə bağlı belə bir məqam var. Aparıcının “Siz hakimiyyətə jurnalist, insan haqları müdafiəçisi karyerası ilə gəlmisiniz. Hətta bir müddət siyasi dustaq olaraq həbsdə olmusunuz. Bəs həqiqətən də sələflərinizdən fərqli olduğunuzu göstərmək istəsək, siz keçmişdə, xüsusilə 1980-cı illərin sonları və 90-cı illərin əvvəllərində Ermənistan qüvvələrinin əsas insan haqları pozuntuları, Dağlıq Qarabağ daxilində müharibə cinayətləri törətdiklərini etiraf etməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər həmin cinayətləri kataloqlaşdırıb. Siz onlardan üzr istəməyə, etiraf etməyə hazırsınızmı" sualına cavab vermək əvəzinə Paşinyan Sumqayıt hadisələrindən danışmağa başlayıb.

"Mən Azərbaycandan danışmıram, sizdən danışıram. Bunun sadə cavabı var: hə, ya yox", təkrar sual verən aparıcı, "belə görürəm ki, üzr istəməyə hazır deyilsiniz", - deyə Paşinyanı ifşa edib.

Paşinyanın nümayişkaranə şəkildə sualdan yayınması soyqırımın etirafı anlamına gəlir. Çünki o bunu təkzib edə bilməyib.

“Paşinyan uğursuz formada bunu inkar etməyə çalışdı, amma onun bu cəhdi alınmadı”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Paşinyan BBC-nin bütün sualları qarşısında aciz qaldı: “O cümlədən, onun Qarabağda törədilmiş soyqırımı inkar etməsi onu gülünc duruma saldı. Çünki sabiq Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalistə müsahibəsində Xocalıda baş verənləri etiraf edib. Həmçinin bəyan edib ki, azərbaycanlılarla bir yerdə yaşaya bilmərik. Paşinyan isə uğursuz formada bunu inkar etməyə çalışdı, amma onun bu cəhdi alınmadı. BBC müxbiri çox əsaslı bir sual verdi ona və cavab tələb etdi. Paşinyan isə yenə sübut etdi ki, o nə siyasətçidir, nə də təcrübəli dövlət xadimi. O, sadəcə olaraq, rəngli inqilabla hakimiyyətə gələn təsadüfi ünsürdür. Düşünmürəm ki, onun hansısa məsələlərdə təcrübəsi və biliyi olsun. Ancaq reallıq ondan ibarətdir ki, BBC müxbiri onu tam biabır etdi. Çünki o, əksər suallara cavab verə bilmədi. Konkret suallardan yayınaraq özünü gülünc vəziyyətə saldı”.

Politoloqun fikrincə, Paşinyan bununla faktiki olaraq həm özünü, həm də indiki rejimi tam biabır etdi.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com