PKK-nın Türkiyədə törətdiyi ilk terror aktından 36 il ötür

PKK-nın Türkiyədə törətdiyi ilk terror aktından 36 il ötür

 

Ankara, 15 avqust, AZƏRTAC

PKK-nın Türkiyədə törətdiyi ilk terror aktından bu gün 36 il ötür. Terrorçular 1984-cü il avqustun 15-də Siirt vilayətinin Eruh və Hakkari vilayətinin Şemdinli rayonlarında polis əməkdaşlarına xaincəsinə hücum ediblər.

AZƏRTAC xəbər verir ki, Türkiyə ictimaiyyəti bu hücumlar nəticəsində ilk şəhid olan Süleyman Aydının əziz xatirəsini hər zaman uca tutur. Süleyman Aydının adı Eruh rayonunda əbədiləşdirilib. Şəhidin əziz xatirəsi hər zaman ehtiramla yad olunur.

Ötən 36 il ərzində Türkiyə xalqına böyük acılar yaşadan PKK qanlı terror aktları nəticəsində əhalinin psixoloji durumuna, dövlətə və xalqa ağır zərbə vurub. Terror aktları nəticəsində şəhid olan və yaralanan insanların sosial həyatının təmin edilməsi dövlət üçün əlavə xərclər yaradıb.

Ölkədə sabitliyi pozmaqda maraqlı olan qüvvələrlə mübarizədə barışmaz mövqe tutan qəhrəman Türkiyə xalqı PKK terror təşkilatına qarşı mərdliklə davam gətirdi. Son iki ildə hökumətin həyata keçirdiyi antiterror əməliyyatları bölgədəki bütün terror təşkilatları kimi, PKK-ya da sarsıdıcı zərbə vurdu. Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində, eləcə də İraqın və Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatları PKK-nın dayaqlarını sarsıtdı. PKK-nın təlim düşərgələri, silah və geyim anbarları, sığınacaqları və aparıcı şəxsləri məhv edildi. Türkiyə xalqı bu gün də uğurla davam etdirilən bu əməliyyatları dəstəkləyir.

Türkiyə hökuməti ölkədə terrorçuluğun kökünü kəsmək üçün qanunun imkan verdiyi bütün üsullardan istifadə edir. O cümlədən əhali arasında geniş maarifləndirmə işləri aparılır. Təbliğat vasitələrindən istifadə etməklə PKK cinayətlərinin separatçı məqsədləri əhaliyə izah olunur. Məhz bunun nəticəsidir ki, PKK-nın güc və qorxu yolu ilə terror təşkilatı sıralarına cəlb etdiyi insanlar hökumət qüvvələrinə təslim olurlar. İlin əvvəlindən indiyədək 129 nəfər PKK sıralarından qaçaraq hökumət qüvvələrinə təslim olub.

 

Mənbə: azertag.az