"Oruc ibadəti üçün insanın sağlam olması vacib hesab olunur" ÖZƏL-MÜNASİBƏT

"Oruc ibadəti üçün insanın sağlam olması vacib hesab olunur"  ÖZƏL-MÜNASİBƏT

"Məlum olduğu kimi, pandemiya təhlükəsi hələ tam sovuşmayıb. Dünyada pandemiyanın növbəti dalgaları ilə bağlı geniş müzakirələr aparılır. Hələ bir müddət proses davam edəcək. Ona görə ölkəmizdə müxtəlif kütləvi tədbirlərin, dini ayin və mərasimlərin təşkilinə icazə verilmir". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, virusun əsas yayılma səbələrindən biri insanların kütləvi toplaşmasıdır: "Məhz bu səbəbdən bu gün ölkəmizdə məscidlərin fəaliyyətinə, dini ayin və mərasimlərin kütləvi təşkilinə hələki razılıq verilmir. İslamda insanların təhlükəsizliyin, sağlamlığının qorunmasına xüsusi önəm verilir. Sağlamlıq bir çox ibadətlərdə əsas şərt sayılır. Oruc ibadəti üçün insanın sağlam olması vacib hesab olunur. Bir çox ayə və hədislərdə müsəlmanlara sağlamlıqlarına xüsusi önəm vermələri tövsiyə olunur. Sağlamlığı qorumaq, gigiyenik qaydalara əməl etmək, bu sahədə fəaliyyət göstərən aidiyyəti strukturların tapşırıq və göstərişlərinə əməl etmək hər bir müsəlman üçün vacib sayılır. Qafqaz Müsəlmanları İdarəsinin də ortada rəsmi mövqeyi var. Təhlükə tam sovuşmadığından hələki gözləməliyik. Tövsiyə ondan ibarətdir ki, hər kəs bir müddət səbirli olsun, özünü və yaxınlarını qorusun. Dini ayin və mərasimləri evdə icra etsin. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına dövlət səviyyəsində xüsusi önəm verilir. Son illər ölkəmizdə bir çox məscidlər təmir və bərpa olunub. Məhərrəmlik mərasimləri hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunurdu. Hər hansı məhdudiyyət tətbiq olunmurdu, insanlar kütləvi şəkildə bu mərasimi yerinə yetirirdilər. Bu il virus səbəbindən vəziyyət fərqlidir. Kütləvi tədbirlərin təşkili təhlükəlidir. Məhdudiyyətlərin tətbiqi bilavasitə bununla bağlıdır. Müəyyən zamandan sonra həyat öz axarına qayıdacaq. Məscidlərin fəaliyyətinə, kütləvi dini ayin və mərasimlərin sərbəst icrasına şərait yaradılacaq".

Mənbə: sia.az