Lukaşenko özünü qorumaq üçün yenə Rusiyaya sığınır – İDDİA

Lukaşenko özünü qorumaq üçün yenə Rusiyaya sığınır – İDDİA

Belarus prezidenti Aleksandr Lukaşenkonun yaxın ətrafındakı adamları onun Rusiyaya sığına bilməsi ilə bağlı Kremllə danışıq aparır.

Cebhe.info xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentlik iddia edir ki, Moskvadakı əməkdaşlarına Minsklə Moskva arasında baş tutmuş telefon danışığı haqda məlumatlı iki mənbə danışıb.

Belə görünür ki, Kreml ya məqsədli şəkildə dezinformasiya sızdırmaqla Minskdəki hərarəti aşağı salmağa çalışır, ya da Qərblə Lukaşenko və Belarusun gələcəyi üzərində mübadilələr aparmağı planlaşdırır. Hər bir halda, siyasətçinin gələcəyi mübadilə predmetinə çevrilirsə, bu, artıq onun bitdiyinə işarədir.

Kremlə xarici siyasət məsələlərinə dair məsləhətlər verən Xarici Siyasət və Müdafiə Şurasının rəhbəri Fyodor Lukyanov agentliyə bildirib ki, artıq heç kəs Lukaşenkonun gələcəyinə əmin deyil, o, etirazları boğaraq, qısamüddətli uğur qazana bilər, amma burada da böyük problem var.

Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə isə Kreml analitiklərin dili ilə mesaj verir ki, Lukaşenkonu saxlamaq üçün daha bir (slavyan) xalqla konfliktə getməyəcək: “Ona görə yox ki, Putinin humanist damarı tutub, ona görə ki, daxilində bu qədər problemləri olan bir ölkə üçün qonşu və qardaş xalqın qanına bulaşmaq ən gözlənilməz nəticələr verə bilər”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info