“Cinayət hadisələrinin hamısında kişilər qadınları namussuz adıyla öldürürlər...”

“Cinayət hadisələrinin hamısında kişilər qadınları namussuz adıyla öldürürlər...”

“Bu zamanlarda ailələr mütləq şəkildə təmkinli olmaq və hansısa formada ailə qayğılarını elə bölüşməlidirlər ki, problem olmasın”

Bunu Moderator.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Qurum sədri bu ərəfələrdə ailə başçılarının bir-birilərinə qarşı təmkinli olmalarının vacibliyini vurğulayıb:

“Ailə münaqişələrinin bir qismi pandemiyanın psixoloi təsirləridir, yəni insanlar psixoz vəziyyətdədir, olan-qalanlarını xərcləyiblər, hər şeyi qadında görürlər, bütün problemləri qadın yaradır. Yaxud da ola bilsin hansısa ailədə qadın evə nəsə lazım olduğunu tələb edir və narazılıq başlayır. Bu zamanlarda ailələr mütləq şəkildə təmkinli olmaq və hansısa formada ailə qayğılarını elə bölüşməlidirlər ki, problem olmasın. Problem odur ki, cinayət hadisələrinin hamısında kişilər qadınları namussuz adıyla öldürürlər. Yəni bu çox pis tendensiyadır. Uzun müddətdir deyirəm ki, nə mətbuatın, nə də digərlərinin bu məsələləri araşdırmadan qabartması və təqdim etməsi digər qadınların həyatı üçün təhlükədir. İstənilən qadın heç bir hərəkət etməsə belə onun haqqında şayiə yayıla bilər. Bu gün biz insan haqlarından danışırıq, amma buna əməl etməkdə hələ ki, problemlər var. Məsələn, mobil telefon hər kəsin istifadə edə biləcəyi, əmək fəaliyyəti olan insanlar üçün gərəkli bir vasitədir. Yəni telefonu bəhanə edib qadını döymək və yaxud mən iş axtarıramsa, bu əxlaqsızlıq deyil axı. Biz həm istəyirik ki, həyat yoldaşımız bizə dəstək versin, həm də deyirik ki, elə işlə ki, heç kəslə danışma”.

Qurum sədri deyib ki, bu istiqamətdə televiziyanın təbliğat aparması vacib idi:

“Düşünürəm ki, pandemiyanın fəsadları çox olacaq. Çünki bu cür aqressiv münasibətlər gözlənilən idi və ola bilsin ki, hələ də artsın. Burda televiziyalar ciddi şəkildə rol oynaya bilərdi, psixoloji və yaxud da qaynar xətlərdən həmin anda zəng vurub problemi olan insanlar yardım ala bilsin. Bu dəqiqə hamı bir-birindən şübhələnir, ehtiyat edir, xəyanət gözləyir və bu düşüncəylə yaşamaq isə çox çətindir”.

Qeyd edək ki, bir neçə gün öncə Sabirabadda kişi arvadını baltayla vuraraq, bu gün isə Tərtərdə kişi arvadını boğaraq öldürüb.

 

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az