Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq

Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan tərəfindən hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır.

Bunu Trend-ə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, politoloq Faiq Ələkbərli deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi havadarlarının yardımı ilə vaxtilə işğal etdiyi torpaqlarımızdan bir gün rədd olub gedəcəklərini yaxşı dərk etdikləri üçün hərbi təyinatı olmayan ərazilərimizi də minalayıblar ki, gələcəkdə Azərbaycana və onun əhalisinə zərər vura bilsinlər:

"Açıq-aydın görünür ki, Ermənistan rəhbərliyi və onun havadarları belə qeyri-insani yollardan istifadə edərək həm mülki şəxslərin öz doğma torpaqlarına qayıtmasını çətinləşdirməyi, həm də onların həlak olmasını əvvəlcədən planlaşdırıblar. Bu baxımdan, hərbi təyinatı olmayan ərazilərimizdəki minaların xəritəsini də müxtəlif bəhanələrlə vermək istəmirlər. Onlar Azərbaycanda minalardan təmizlənmə işini ləngitməklə öz doğma torpaqlarına qayıtmaq istəyən mülki azərbaycanlıların minalara düşməsi nəticəsində ölməsinə şərait yaradır, bununla yanaşı, onlar arasında vahimə yaratmaq istəyirlər".

Politoloqun fikrincə, ermənilərin cinayətkar niyyəti daha çox mülki insanların minalara düşməsi və həlak olması, bunun da nəticəsində vətəndaşlarmızın doğma ata-baba torpaqlarına qayıtmasını uzatmaqdır:

"İşğaldan azad olunmuş torpaqlarımız minalardan nə qədər tez təmizlənərsə, vaxtilə Dağlıq Qarabağ bölgəsində yaşamış vətəndaşlarımız da öz yurd-yuvalarına dönmələri tez olacaq".

F.Ələkbərli qeyd edib ki, ermənilərin anti-insani əməlləri - hərbi təyinatı olmayan ərazilərimizin minalanması barədə məlumatlar vaxtında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Bununla bağlı beynəlxalq hüquqa və konvensiyalara da müraciət edilməlidir.

Mənbə: az.trend.az