“Şəhərimiz azaddır, bundan sevincli gün ola bilməz” - Şuşa sakini

“Şəhərimiz azaddır, bundan sevincli gün ola bilməz” -  Şuşa sakini

Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şücaəti nəticəsində 8 may Şuşanın işğal günü tarixdən silindi, qələbə günü yazıldı. İndi mən buradayam, Şuşadayam. Şuşaya baxaraq o dövrdə yaşananlar, 29 illik işğal və 8 noyabr şəhərin azad olunması tarixi gözümün önündə canlanır. Bunu Azvision.az -a açıqlamasında Şuşa Elmi Bərpa İstehsalat Birliyinin rəisi, əslən Şuşadan olan İlhami Fətəliyev deyib. O bildirib ki, 29 illik işğal tarixi artıq geridə qalıb.

"Şuşa şəhəri bu gün bizimdir. Bundan sevincli gün olmaz. Lakin ötən dövrü, işğal tarixini unutmamışıq. Şuşaya hazırda baxıram, erməni vəhşiləri evləri dağıdıblar, tarixi-mədəni abidələri məhv ediblər. Bizim izlərimizi itirmək istəyiblər. Birinci Qarabağ müharibəsində insanlarımız köçkün düşdü, yurdlarından didərgin oldular. 29 il az müddət deyil. Bu dövrdə bir çox soydaşlarımız Vətən həsrəti ilə dünyadan köçdülər. Kaş onlar da Şuşanın azad olunmasını eşidərdilər. Bunlar insanı kədərləndirir, lakin bu gün Şuşanın bizdə olması sevincinin həddi hüdudu yoxdur. Şəhidlərimiz, qazilərimiz canlarını əsirgəmədi, bu dilbər güşəni azad etdilər. Sevincli günü bizə yaşatdılar. Onların qarşısında baş əyirəm. Bu gün bir gözümüz işğal tarixini anıb ağlayırsa, bir gözümüz Şuşa azad olduğu üçün sevinc yaşları tökür".



Şuşaya iki gün öncə gəldiyini deyən həmsöhbətimiz burada sevinc hissi yaşadığını qeyd edib: "Şuşa torpağına ayağımı ilk basanda hesab etdim ki, hər yanı gəzdim, çox böyük sevinc hissi yaşadım. Evizimizin olduğu yerə getdik. Evi yerlə-yeksan etmişdilər. Amma biz bunların hamısını bərpa edib, Şuşaya əvvəlkindən də gözəl həyatı qaytaracağıq".

Aytən Zəhra

Mənbə: azvision.az