Ermənistan Türkiyə ilə münasibətlərdə HƏVƏSLİDİR: Paşinyana qarşı sui-qəsd cəhdləri OLA BİLƏR

Ermənistan Türkiyə ilə münasibətlərdə HƏVƏSLİDİR: Paşinyana qarşı sui-qəsd cəhdləri OLA BİLƏR

Ermənistan parlamentinin iclasında vitse- spiker Akop Arşakyan maraqlı fikirlər səsləndirib. O, bildirib ki, Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır: "Bizim mövqeyimiz dəyişməyib. Ermənistan sərhədləri açmağa və ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Bu, Ermənistanın və erməni xalqının maraqlarından irəli gəlir".

Bu barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, verilən bəyanat hər şeydən əvvəl Türkiyə diplomatiyasının qələbəsi kimi qiymətləndirilməlidir. Müsahibin sözlərinə görə, xüsusilə nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra Ermənistan özünün xarici siyasətində dəyişikliklər etməyə məcbur qaldı.

"İrəvan Bakının gücünü anlamaqla yanaşı, həm də gələcəyi üçün yeganə çıxış yolunun Ankara ilə normal münasibətlərdən ibarət olduğunu dərk etdi. Düşmən dövlət həm Rusiya, həm də Qərb üçün "maşa" olduğunu anladı. Beləliklə, bölgədə yeni reallıqlar yarandı. Ermənistan Zəngəzur dəhlizi və digər layihələrlə bağlı, belə demək mümkünsə, Türkiyənin sözünü eşitməli oldu. Bu yaxınlarda Moskvada xüsusi nümayəndələr arasında keçən ilk görüş uğurlu alınmışdı. Hətta Rusiya rəsmiləri də görüşü müsbət qiymətləndirmişdilər. Əslində bu riitorika gözlənilən idi. Çünki Moskva İrəvanın əlindən çıxdığını görür və Ankara ilə hesablaşır. Kreml rəhbərliyi yaxşı bilir ki, Türkiyə- Ermənistan əlaqələrinin normallaşmasına sərt münasibət ən çox məhz onun ziyanına ola bilər".

Siyasi şərhçi bildirdi ki, vitse- spikerin açıqlamasındakı "heç bir ilkin şərt olmadan" ifadəsi də xüsusi əhəmiyyətlidir. Əvvəllər olsa, İrəvan yüz bəhanə tapar, "təhlükəsizlik üçün zəmanət" istəyər, prosesin inkişafı üçün süni əngəllər yaradarardı. Ancaq indi hansısa şərt irəli sürülmədi. Görünür, Ermənistan iqtidarı da əlaqələrin bərpası üçün tələsir.

"Müxalifətin buna ciddi etirazı onu deməyə imkan verir ki, Türkiyə ilə əlaqələr Ermənistan üçün dövlətçilik məsələsidir. Arşakyanın sözlərinə görə, sərhədlərin açılması Ermənistanın və erməni xalqının maraqlarından irəli gəlir. Sözsüz, bu da təsadüfi işlədilmiş cümlə deyil. Görünür, müxtəlif siyasi güclər daxildə fərqli ictimai rəy yaratmaqda davam edirlər. Vitse- spiker isə bu bəyanatla ictimai şüuru öz tərəflərinə çəkmək istəyir. Bu, nəinki bizim və ya Ermənistanın, bütün regionun maraqlarına cavab verir. Çox güman, bundan sonra Türkiyə- Ermənistan əlaqələrinin normallaşması prosesi sürətlənəcək. Daha ciddi hadisələrin şahidi ola bilərik. Eyni zamanda Ermənistanda Paşinyan administrasiyası əleyhinə etirazlar, hətta baş nazirə qarşı sui-qəsd cəhdləri də qətiyyən istisna deyil" deyə K.Novruzov fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli /Metbuat.az

 

 

Mənbə: metbuat.az