Erməni müxalifəti parlamentdən niyə çəkilir? – Gizli ssenarinin İKİ VEKTORU

Erməni müxalifəti parlamentdən niyə çəkilir? – Gizli ssenarinin İKİ VEKTORU<span class="qirmizi"></span>

 

Ermənistan parlamentində təmsil olunan müxalifət fraksiyasının üzvləri bir-birinin ardınca deputat mandatından istifadə edir. Bəs bu istefaların arxasında nə durur?

Paşinyana yetərsay problemi yaradılır

Nəzərə alaq ki, Ermənistan Milli Assambleyasına növbədənkanar seçkilərdən düz bir il keçir. Ötən ilin 20 iyununda keçirilən seçkilərdə 3 siyasi blok parlamentə düşə bildi. Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” bloku 72, Robert Köçəryanın “Hayastan” bloku 29 və Serj Sarkisyanın “Mənim şərəfim” bloku isə cəmi 7 yer qazandı.


Ermənistan Konstitusiyasına görə parlmentdə hansısa qanunun qəbul edilməsi üçün 63 səs, referendum və buna bənzər hüquqi sənədlərin qəbulu üçünsə ən azı 80 səs tələb olunur.

Göründüyü kimi Paşinyan öz tərəfdarlarının hesabına parlamentdə istədiyi qanunu qəbul və yaxud qanuna dəyişiklik etdirə bilər. Amma ölkənin taleyüklü məsələləri ilə bağlı hansısa hüquqi hərəkət etmək üçün parlamentin ən azı 2/3-i Paşinyanı dəstəkləməlidir.

Ermənistanın 1 №-li məsələsi

İndiki reallıqda isə Ermənistanda əsas müzakirə məsələsi Azərbaycanla bağlanacaq sülh müqaviləsidir. Paşinyanın sülh müqaviləsinə imza atmasından əvvəl gərəkdir ki, parlamentdəki deputatların ən azı 2/3-i bu sənədə səs versin.

İndiki halda isə bu sənədin parlamentdən keçirilməsi inadırıcı görünmür. Çünki, bu ilin aprel ayından müxalifət fraksiyası parlamentin iclasına qatılmır. Üstəlik, son bir ayda xeyli sayda erməni deputatı mandatdan imtina edib.
Erməni deputatların mandatdan imtina etməsinin 2 səbəbi

Birincisi, erməni müxalifəti çalışır ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsini hər vəchlə ləngitsin. Bu hesaba da Paşinyanı güncə sıxışdırsınlar. Çünki, bu məsələ ilə bağlı həm Rusiyanın, həm Qərbin və həm də Azərbaycanın rəsmi İrəvana çox güclü təzyiqi var. Amma bütün hallarda bu saziş parlamentdən keçməlidir. Müxalifət də bunu bildiyi üçün parlamentə getmir.

Bu azmış kimi xaricdəki erməni diasporasının təzyiqi ilə bəzi deputatlar hətta mandatdan imtina edir. Bu hesaba da Paşinyanı çıxılmaz dalana salmağa çalışırlar.
İkincisi, erməni deputatlar mandatdan imtina ilə həm də Rusiyaya öz narazılıqlarını bildirirlər. Məlum olduğu kimi həm Köçəryan, həm də Sarkisyan güclü tellərlə Moskvaya bağlıdırlar. Və hadisələrin indiki inkişafı rusiyapərəst erməni müxalifətinə sərf eləmir. Ona görə də müxalifət mandatdan imtina ilə bir növ öz ağalarına hürmək istəyirlər.

Rusiyanın başı Ukraynaya qarışdığı üçün rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını öz axarına buraxıb. Əslində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tez zamanda imzalanması heç Moskvaya da sərf eləmir.

Çünki, bu müqavilə imzalandıqdan sonra bölgədə geosiyasi vəziyyət dəyişəcək. Və Azərbaycanın gücünə güc qatılacaq. Bunu isə Kremldə oturan çox az siyasətçi istəyir.
Ona görə də erməni müxalifətçilərinin mandatdan imtina etməsi əslində baş verəcək prosesləri maksimum dərəcədə ləngitməyə xidmət edir.

Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media