"Türkiyəni NATO-dan çıxarmaq mümkündür, amma bu, fəlakət olar"

"Türkiyəni NATO-dan çıxarmaq mümkündür, amma bu, fəlakət olar"<span class="qirmizi"></span>

İngiltərənin aparıcı qəzetlərindən olan "Financial Times"-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən təhlil və şərh dərc olunub. Qəzetin aparıcı simalarından olan Gideon Rachman “Ərdoğan narahat, lakin lazımlı müttəfiqdir” başlığı ilə “Türkiyə prezidenti NATO-nun digər üzvlərini şantaj edir, lakin onun da zəif tərəfləri var” şərhini verib.

Bizimyol.info xəbər verir ki, təhlildə deyilir: “Şübhə yoxdur ki, Ərdoğan narahatedici müttəfiqdir. Finlandiya və İsveçin keçən həftə NATO-ya üzvlüyünə veto qoymasından sonra o, Türkiyənin 73 terrorçunu ekstradisiya edilməyəcəyi təqdirdə yenidən veto qoya biləcəyini bildirib.

"Ərdoğanın hərəkətləri NATO ilə bağlı narahatlıq doğuran suallar yaratdı",- deyə Rachman bildirib.

Məqalədə “Ərdoğanın Finlandiya və İsveçə qarşı şantajı Türkiyənin gələcək böhranlarda necə davranacağına dair şübhələr yaradıb. Amma hüquqi baxımdan Türkiyəni NATO-dan çıxarmaq mümkün olsa belə, bu, strateji fəlakət olardı”,- deyə o qeyd edib. O, Türkiyənin Ukraynadakı taxıl böhranında rolunu və Boğazların əhəmiyyətini vurğulayıb və bildirib ki, digər tərəfdən, Türkiyənin NATO-dan çıxacağı təqdirdə Yaxın Şərqdəki balansların da dəyişəcəyi proqnozlaşdırılırdı.

“Financial Times”da dərc olunan təhlildə Türkiyədəki iqtisadi böhranın Ərdoğanın hakimiyyəti itirməsinə səbəb ola biləcəyi də iddia edilib. Məqalədə deyilir: “Türkiyə iqtisadiyyatının zəifliyi digər NATO-ya üzv dövlətlərə Ərdoğana cavab vermək imkanı verir. Hazırda Türkiyədə inflyasiya 80 faiz civarındadır və Ərdoğanın iqtisadiyyatı idarə edə bilməməsinin buna böyük təsiri var. Türk lirəsi son iki ildə 60 faiz dəyər itirib. Ölkə böyük böhran içindədir və Beynəlxalq Valyuta Fondunun yardımı haqqında danışılır. 2023-cü ildə seçkiyə gedəcək Ərdoğan üçün bu, biabırçılıq ola bilər”.

Təhlildə deyilir ki, “Türkiyənin iqtisadi böhrandan çıxmaq üçün xarici ölkələrin dəstəyinə ehtiyacı ola bilər. Burada da NATO müttəfiqləri kömək edə bilər. Türkiyə iqtisadi dəstəyin müqabilində Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı daha məntiqli qərarlar qəbul edə bilər”,- deyə qeyd edilib.

P.S. Qərb mətbuatı adətən, Türkiyəyə qarşı aşkar qərəzli mövqedən çıxış edir. Elə bu yazıda da Finlandiya və İsveçin terrora açıq şəkildə verdiyi dəstək barədə heç nə deyilmir. Türkiyənin anti-terror əməliyyatlarına qarşı həm Qərb mətbuatı, həm də siyasətçilərinin aqressiv reaksiyasını dəfələrlə görmüşük.

Leyla, Bizimyol.info

Mənbə: www.bizimyol.info