Tramp Gürcüstanda nələrə şahid olacaq

Tramp Gürcüstanda nələrə şahid olacaq

“Əlbəttə, Prezident Trampın (Donald Trump) Gürcüstana səfər etməli olduğunu söyləyən, onun “orada isti qarşılanacağını” iddia edən Tom Roqan (Tom Rogan) haqlıdır. Lakin Tramp Roqanın qeyd etdiyi kimi, “son illər Gürcüstanın əldə etdiyi mühüm irəliləyişi məhv etmək üçün Rusiyanın yenidən geniş imkanlara malik olduğunu” görməyəcək”, - Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili “Washington Examiner” qəzetində yazır.

“Bu iddia doğru deyil. Bu fikir Roqanın müxalifət düşərgəsindən olan siyasətçi ilə söhbətlərinə əsaslanıb. Belə ki, həmin siyasətçinin üzv olduğu partiya 2012-ci ildə ölkədə əsaslı dəyişikliklərə gətirib çıxaran seçkilər nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb, hakimiyyətdən sui-istifadə etməkdə, azadlıqlar və demokratiyanı pozmaqda ittiham edilib. Həmin müxalifət 2016-cı ildə yenidən qəti şəkildə rədd edilib”, - məqalədə deyilir.

“Roqanın diqqətindən kənarda qalan (və Trampın Gürcüstanda şahid olacağı) – islahatlara əsaslanan, inkişaf etməkdə olan güclü ölkədir. O, İraq və Əfqanıstanda Amerika ilə çiyin-çiyinə döyüşən əzmkar əsgərləri görəcək. O, Gürcüstanda getdikcə yaxşılaşan investisiya mühitinə, hər qlobal indeks üzrə əlverişli biznes və demokratik şəffaflığın sübutu olan yüksək reyntiqlərə sevinəcək. Və o, əlbəttə ki, bir çox turistik nəşrin dünyanın ən cəlbedici istiqamətlərindən birinə aid etdiyi ölkəmizin gözəlliyini, qonaqpərvərliyini layiqincə qiymətləndirəcək”, - müəllif qeyd edir.

“Gürcüstan hökuməti azad ticarət haqqında saziş imzalayıb. O, NATO-a namizəd ölkələrdəndir. Gürcüstan Avropa Birliyi ilə assosiasiya haqqında saziş imzalayıb. Hakimiyyətdən məhrum olduqdan bəri müxalifətin dəyişmək bilməyən arqumentləri ondan ibarətdir ki, Rusiya bütün bunların fonunda Gürcüstanda hansısa uğurlara nail olur. Bu arqumentlərin faktoloji əsası, məntiqi əhəmiyyəti yoxdur”, - Çuqoşvili vurğulayır.

Məqalə müəllifi Gürcüstan torpaqlarının 20%-nin Rusiyanın işğalı altında olduğunu xatırladır: “Həmin ərazilərin böyük bir hissəsi müxalifətin hakimiyyətdə olduğu 2008-ci ildə işğal edilib. Bu məsələ amerikalı tərəfdaşlarımızla müzakirələrimizin əsas mövzusudur. Gürcü hökuməti ötən həftə israrla Nümayəndələr Palatasında Gürcüstana Dəstək Aktının (Georgia Support Act) qəbul edilməsinə nail olmağa çalışıb. Qanun layihəsində prioritet tapşırıq kimi ABŞ-ın Gürcüstan iqtisadiyyatı və təhlükəsizliyinə investisiyaları göstərilib”.

“Sənəddə ikitərəfli ticarət sazişlərinin müzakirəsinin başlanması və xüsusən Rusiya tərəfdən Gürcüstanın suverenliyinə təhdidlərin qiymətləndirilməsi tələb olunur. Konqresin Gürcüstana göstərdiyi ikipartiyalı dəstəyi və Tramp administrasiyasının cəsarətli yardımını yüksək qiymətləndiririk. Səbirsizlik qanun layihəsinin Senatda qəbul edilməsini gözləyirik”, - birinci vitse-spiker yazır.

“Gürcülər başa düşür ki, Rusiya tərəfindən işğal edilmiş torpaqların dinc yolla geri qaytarılmasına çalışmaq, eyni zamanda Qərblə praqmatik yaxınlıq siyasəti qurmaq yeganə uğurlu siyasətdir. ABŞ bu strategiyanın qatı tərəfdarıdır. Və biz buna görə ona minnətdarıq”, - sonda müəllif qeyd edir.

Mənbə: www.xpressa.net