Rauf İdrisov: Uzun illərdən sonra mənzilə sahib olduğuma görə dövlət başçısına minnətdaram

Rauf İdrisov: Uzun illərdən sonra mənzilə sahib olduğuma görə dövlət başçısına minnətdaram

Bakı, 20 noyabr, AZƏRTAC

Bu günü nə az, nə çox, düz 17 il gözləmişəm. Uzun illər ərzində Yasamal rayonunda yaşayan qohum evində sığınacaq tapmışıq. İndi artıq mən də bir ata, bir ailə başçısı kimi rahat nəfəs ala bilərəm. Qarabağ müharibəsi əlillərinə paylanılan mənzillər içərisində mənim də mənzilim var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Abşeron rayonunun Məmmədli kəndində şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdiyi tam təmirli 50 mənzillərdən birinin sahibi Qarabağ müharibəsi əlili Rauf İdrisov deyib.

2-ci qrup Qarabağ müharibəsi əlili olan Rauf həyat yoldaşı, 2 oğlu və 1 qızı ilə birlikdə Məmmədli kəndindəki “Bakı” yaşayış kompleksində həmin mənzilə köçəcək.

O, 1992-1996-cı illərdə torpaqlarımızın düşmən tapdağından qorunması uğrunda şərəfli döyüş yolu keçib. Ağdamda Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə və Ağdərənin müdafiəsində iki dəfə ağır yaralanıb. Lakin buna baxmayaraq o, yenə də döyüş dostlarının yanına qayıdıb.

“Ailəmizə təqdim olunan mənzilə görə həm Prezident İlham Əliyevə, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çox təşəkkür edirəm. Bu, əlillərə, keçmiş döyüşçülərə göstərilən qayğının daha bir bariz nümunəsidir. Təkcə bu il ərzində bizə verilən müavinətin məbləği iki dəfə artırılıb. Dövlət başçısı həmin artımların davamlı xarakter alacağını bildirib. Yeganə arzum uğrunda qan tökdüyümüz Vətən torpağı yağı tapdağından azad edildiyi günü görməkdir. Ümid edirəm ki, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində bu arzuya qovuşacağımız gün uzaqda deyil”,- deyə Qarabağ əlilli fikrinə yekun vurub.

Mənbə: azertag.az