KOBİA-nın nümayəndəsi Bəhreyndə Dünya Sahibkarları İnvestisiya Forumunda iştirak edib

KOBİA-nın nümayəndəsi Bəhreyndə Dünya Sahibkarları İnvestisiya Forumunda iştirak edib

Bakı, 20 noyabr, AZƏRTAC

BMT-nin Sənaye İnkişafı Təşkilatının və İslam Əməkdaşlıq Gənclər Forumunun təşkilatçılığı ilə Bəhreyn Krallığının paytaxtı Manamada Dünya Sahibkarları İnvestisiya Forumu və Gənclərin Biznes Şəbəkəsi Startapların İnvestisiya Sammiti təşkil edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, investor və gənc sahibkarların iştirakı ilə müxtəlif mövzularda, o cümlədən gənc sahibkarlığın milli inkişaf strategiyalarında rolu, 4-cü sənaye inqilabının maliyyə infrastrukturunun formalaşdırılması və sair müzakirə olunub.

Forum çərçivəsində təşkil olunmuş “İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrində sahibkarlıq: əsas çağırışlar və perspektiv imkanlar” mövzusunda paneldə çıxış edən KOBİA-nın idarə heyəti sədrinin müavini Mehman Abbas ölkəmizdə sahibkarlığın inkişafı, onların müvafiq bilik və texnologiyalara, maliyyə və bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər və mövcud mexanizmlər barədə məlumat verib.

Mənbə: azertag.az