Prezidentin sadə insanlarla sərbəst ünsiyyət jestlərindən sui-istifadə meyllərinin yaranma ehtimalı – hamı kredit problemi ilə bağlı Prezidentdən xahiş etsə...

Prezidentin sadə insanlarla sərbəst ünsiyyət jestlərindən sui-istifadə meyllərinin yaranma ehtimalı – hamı kredit problemi ilə bağlı Prezidentdən xahiş etsə...

Noyabrın 19-da Prezident İlham Əliyev metronun “28 May” stansiyasının qarşısında şəhər sakinləri ilə görüşərkən ona yaşlı qadın yaxınlaşıb və maddi dəstək xahiş edib. Belə ki, ölkə başçısına yaxınlaşan qadın ona problemlərini danışıb. Özünü Məmmədova Səmayə İbrahim qızı kimi təqdim edən həmin qadın bildirib ki, banka 6500 manat borcu var və qəzaya düşüb sağlamlığını itirdiyi üçün sözügedən borcu ödəyə bilmir.

Prezident qadını sakitləşdirib, onun probleminin həll ediləcəyini deyib və köməkçilərindən birinə qadının telefon nömrəsini yazmağı tapşırıb. Qadın borcunun “Bank of Baku”ya olduğunu deyib. Daha sonra əlavə edib ki, nəvəsinin universitetdə təhsil haqqına görə də 2500 manat borcları var və onu da ödəyə bilmir. İlham Əliyev bir daha qadına probleminin həll ediləcəyini bildirib, onu sakitləşdirib: “Yaxşı, sizinlə əlaqə saxlanacaq, telefonda olun, kömək ediləcək, narahat olmayın”.

O da məlumdur ki, Prezident İlham Əliyev ölkə vətəndaşları ilə görüşlərində zaman-zaman insanlarla sərbəst ünsiyyətə önəm verir, onların üzləşdiyi problemləri dinləyir və bunun həlli ilə bağlı konkret göstərişlər verir. Dəfələrlə belə halların şahidi olmuşuq. Ancaq o da var ki, Prezidentin sadə insanlarla sərbəst ünsiyyət jestlərindən sui-istifadə meyllərinin yaranma ehtimalı var. Kredit problemlərinə dair müraciətlər və digər məqamlar istisna deyil. Bəziləri Prezidentin səmimiyyətindən bu məqsədlər üçün istifadə etmək istəyində olacaqlar. Baxmayaraq ki, bu ilin fevralında ölkə başçısı böyük bir humanist addım atdı. Belə ki, Prezidentin qərarı ilə vətəndaşların problemli kreditlər məsələsi yoluna qoyuldu. Ancaq görürük ki, yenə belə problemlər mövcuddur.

O baxımdan, dövlət başçısının sadə insanlarla sərbəst ünsiyyət jestlərindən sui-istifadə meyllərinin yaranma ehtimalını ekspertlər necə dəyərləndirirlər?

“Elə etmək lazımdır ki, insanlar kredit götürərkən məsuliyyətli olsunlar”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Prezident İlham Əliyevin humanistliyindən sui-istifadə etmək istəyənlər ola bilər: “Nəzərə almaq lazımdır ki, ölkə başçısı dəfələrlə əhalinin xeyrinə olan belə addımlar atıb. Məsələn, 2009-cu ildə elektrik enerjisinə görə əhalinin illərlə yığılan borcları silindi. Bununla bağlı yaranan borclar dövlət vəsaiti hesabına ödənildi. Nəticədə xeyli sayda abonent bundan yararlandı. Bundan başqa, Nardaran kəndinin sakinləri neçə il idi istifadə etdikləri təbii qaza görə ödəniş etmirdilər. Bu səbəbdən 50 milyon manat borc yığılmışdı. Sözügedən problem də ölkə başçısının qərarı ilə həllini tapdı. Həmçinin, kəndin qaz infrastrukturu əsaslı şəkildə yeniləndi. Daha sonra 2015-ci ildə baş verən 2 devalvasiya nəticəsində kreditlərin qaytarılmasında ciddi çətinliklər yarandı. Fiziki şəxslərin sözügedən problemi də məlum qərarla həll edildi. Fərdi olaraq da zaman-zaman bir çox insanın üzləşdiyi problemlər həllini tapıb. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev cəmiyyətə açıq bir dövlət başçısıdır. Rayonlara səfərlərində birbaşa insanlarla ünsiyyətdə olur, onların problemlərini dinləyir. Əlbəttə ki, dövlət başçısının humanistliyindən, sərbəst ünsiyyətə açıq olmasından sui-istifadə etmək istəyənlərin sayı arta bilər. Fikirləşərlər ki, krediti ödəməyək və bununla bağlı yaranan borcları dövlət ödəsin. Bu bəzi insanlarda arxayınlıq hissi yarada bilər. Nəticədə kreditlərin vaxtında ödənilməsinə maraq azala bilər. Bütün kredit borclarını dövlət ödəsə, o zaman bu, dövlət üçün əlavə yük olacaq. Düzdür, heç də hər zaman Prezidentlə ünsiyyət imkanı olmur, amma bəzilərinin bundan sui-istifadə etməsi ehtimalı istisna deyil. Elə etmək lazımdır ki, insanlar kredit götürərkən məsuliyyətli olsunlar”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com