Gürcüstan-Rusiya danışıqları mart ayında bərpa olunacaq

Gürcüstan-Rusiya danışıqları mart ayında bərpa olunacaq

Gürcüstan ilə Rusiya arasında vəziyyətin normallaşdırılmasına dair danışıqlar 2020-ci ildə bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib. Onun sözlərinə görə, iki ölkə arasında danışıqların yeni mərhələsi mart ayının əvvəlində Praqada keçiriləcək. “Bu görüşdə əsasən iki ölkə arasında iqtisadi-ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığa dair məsələlərin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, ölkələrimiz arasında hava uçuşlarının bərpası məsələsi də diqqət mərkəzində olacaq”, - deyə Abaşidze vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında birbaşa hava uçuşları 2019-cu ilin iyul ayından dayandırılıb. Bu da Gürcüstana gələn rusiyalı turistlərin sayını xeyli azaldıb. Gürcüstan ilə Rusiya arasında danışıqların sonuncu mərhələsi keçən ilin noyabrında olub. Z.Abaşidze ilə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Qriqori Karasin arasında keçirilən həmin danışıqlar zamanı əsaslı nəticə əldə olunmayıb.

Mənbə: azertag.az