Könüllülük gənclərin gələcək həyatlarına müsbət təsir edir

Könüllülük gənclərin gələcək həyatlarına müsbət təsir edir

Azərbaycan Memarlıq və İnşaat Universitetində könüllülüyə ciddi maraq və axın var. Ölkəmizdə keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsində, “Bakı-2015” birinci Avropa Oyunlarında, “Bakı–2017” IV İslam Həmrəyliyi Oyunlarında, Formula 1 yarışlarında və s. beynəlxalq tədbirlərdə tələbələrimiz könüllü kimi fəaliyyət göstəriblər. Hətta birinci Avropa Oyunları zamanı 30 tələbə-könüllümüz xarici ölkə mühəndislərinin köməkçiləri kimi texniki işlərə cəlb olunub.

Bunu AZƏRTAC-a açıqlamasında universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov deyib.

“Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi tarixi könüllülük ənənələrimizə verilən ən yüksək qiymət, azərbaycanlı gənclərə çox böyük etimad və etibardır. Eyni zamanda, gənclərə özlərini inkişaf etdirmək və layiqli bir vətəndaş olmaq üçün çox düzgün istiqamətdir. Mən bilirəm və əminəm ki, Azərbaycan gəncliyi Ali Baş Komandanımızın ətrafında sıx birləşərək vətənimizə, millətimizə və bayrağımıza layiqincə xidmət edəcək. Bizim universitetin gənc mühəndisləri isə yaxın gələcəkdə işğaldan azad olunmuş Qarabağın bərpasında böyük bir könüllü ordusu ilə iştirak edəcək. Bu, bizim ən böyük könüllülük proqramımız olacaq”, - deyə Bayram Aslanov vurğulayıb.

O bildirib ki, könüllü olmaq savab qazanmaq, xalqına, Vətəninə xidmət etmək deməkdir. Öz könüllülük fəaliyyətlərini Vətənə, dövlətə, xalqa dəstək, vətəndaşlıq mövqeyinin göstəricisi kimi görən azərbaycanlı gənclər bu gün dünyanın inkişaf etmiş ölkələrinin könüllülərindən heç nə ilə geri qalmırlar. Azərbaycanda vüsət alan könüllülük hərəkatı gənclərin həm fərdi inkişafına, həm də dövlətə, Vətənə bağlı olan məsuliyyətli bir vətəndaş kimi formalaşmasına geniş formada təsir edir və eyni zamanda, onları gələcək kadr kimi formalaşdırır.

Onun sözlərinə görə, əvvəllər gənclər könüllülük proqramlarına bu qədər ciddi yanaşmırdılar. Sonra ölkəmiz yerli və beynəlxalq layihələrə ev sahibliyi etdikdə və bu layihələrin əsas tərkib hissəsi gənc könüllülər olduqda, ölkədə ciddi bir könüllülük dalğası yarandı. Göründüyü kimi, könüllülük gənclərə gözəl bir iş təcrübəsi qazandırır, kollektivlə işləmə qabiliyyəti, ünsiyyət qurmaq bacarıqları və vərdişləri aşılayır. Bu gün universitetin daxilində də tələbələr könüllü olaraq ictimai işlərə can atır, özləri sərbəst layihələr hazırlayaraq icra edirlər.

Mənbə: azertag.az