On altı rayonda “Heyvan subsidiyası” ilə bağlı təlim keçirilib

On altı rayonda “Heyvan subsidiyası” ilə bağlı təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyində yaradılan təlimçi qrupları tərəfindən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə bağlı təlimlərin keçirilməsi davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən həftə “Heyvan subsidiyası” ilə əlaqədar olaraq Cəlilabad, Neftçala, Masallı, Salyan, Biləsuvar, Hacıqabul, Cəbrayıl, Ağcabədi, İmişli, Füzuli, Beyləqan, Saatlı və Gəncədə ümumilikdə 498 nəfərə təlim keçirilib.

Təlimlərdə süni mayalanma və baytarlıq mütəxəssisləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak ediblər.

Cari həftə ərzində respublikanın 16 müxtəlif rayonunda “Heyvan subsidiyası” ilə bağlı maarifləndirmə işləri davam etməkdədir.

Mənbə: azertag.az