“Yayda-payızda nə yeyəcəyik?!” - İqtisadçı

“Yayda-payızda nə yeyəcəyik?!” -  İqtisadçı

“İndi fermerlərin işi çətindir, rayonlararası hərəkət də məhdudlaşıb, indi isə aqrar sahədə ən vacib dönəmdir - əkin vaxtıdır, toxum, kübrə, texnika lazımdır. Rayonlararası hərəkətliliyin azalması, karantin dönəminin sərtləşməsi aqrar sektora təsir etməməlidir. Hökumət olaraq bu sahədə ciddi iş rejimi qurulmalıdır, indi axsama olsa, əkin ləngisə yayda-payızda nə yeyəcəyik?!”

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, dövlətlər ərzaq idxalını sərtləşdirir: “Rusiya taxıl ixracını dövlət icazəsinə bağladı, digər ölkələr də bənzər addımlar atacaq - buna hazır olmalıyıq. Hələ ki, Dövlət Taxıl Fondunda 3-4 aylıq ehtiyatımız var - bu yaxşıdır, ümumiyyətlə belə bir fondun yaradılması doğru qərar idi, amma bu virus bəlası daha uzun çəksə buna hazır olmaq üçün mütləq indi aqrar sektora tam dəstək verilməlidir. Prioritetlər dəyişməlidir - pambığın yerinə bu il taxıl, kartof, soğan, mal-qara üçün yemlik, qarğıdalı əkilməlidir. Fermerlərə pulsuz yanacaq, toxum, kübrə verilməlidir. Bu ciddi işdir, tez, operativ, effektiv qərarlar alınmalıdı...”

Mənbə: pravda.az