Misirli professor: Ermənistanın təxribatı göstərdi ki, işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməkdə maraqlı deyil

Misirli professor: Ermənistanın təxribatı göstərdi ki, işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməkdə maraqlı deyil

Ermənistanın təxribatı bir daha göstərdi ki, işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməkdə maraqlı deyil. Bu sözləri AZƏRTAC-a müsahibəsində Misirin Həlvan Universitetinin professoru, politoloq Adel Dərviş söyləyib.

Misirli politoloq qeyd edib ki, ağır artilleriyadan istifadə edərək Azərbaycanın Tovuz rayonu ərazisində atəşkəsi pozan Ermənistanın hərəkəti təcavüz, zorakılıq və təxribat aktı kimi qiymətləndirilməlidir. O əlavə edib ki, Azərbaycan torpaqlarını işğal edən ermənilər bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq vaxtaşırı təxribata əl atırlar. “COVID-19 pandemiyası dövründə ağır sosial-iqtisadi böhrana düşmüş Ermənistan rəhbərliyi bu dəfə öz xalqının diqqətini problemlərdən yayındırmaq məqsədilə daha ağır nəticələr doğuracaq macəraya başlayıb. Bu təhlükəli oyunlar onlar üçün ciddi fəsadlar doğuracaq. Artıq 30 ildir davam edən erməni təcavüzü və Azərbaycan torpaqlarının işğal altında saxlanılması beynəlxalq hüququn normaları ilə daban-dabana ziddir. Rəsmi İrəvan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnaməsi və digər beynəlxalq təşkilatların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının sənədlərinə məhəl qoymur. Bu, beynəlxalq ictimaiyyətə açıq-aşkar meydan oxumaqdır”,-deyə A.Dərviş vurğulayıb.

Misirli professor deyib: “Biz beynəlxalq birliyə və xüsusən İslam Əməkdaşlıq Təşkilatına Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və sərhədlərdəki təxribatlarını kəskin şəkildə pisləməklə bağlı çağırış edirik”.

Mənbə: ednews.net