XİN-dəki "Pole Çudes", Aya Sofya və nazirlə milçəyin fərqi

XİN-dəki "Pole Çudes", Aya Sofya və nazirlə milçəyin fərqi

Şübhəsiz, həftənin bizim üçün ən mühüm hadisəsi Tovuz istiqamətində ermənilərin təxribatların ordumuzun verdiyi cavab oldu

7x7 həftənin yaddaqalan hadisələrini şərh edir

"Pole Çudes"

DTX-nin XİN-dəki əməliyyatlarından sonra bu nazirliklə bağlı cinayət işi ötən həftə davam etdirildi. "Pole Çudes"in aparıcısı Leonid Yakuboviçi xatırladan Nazirliyin Tender Komissiyasının sədrinin bu işləri tək həyata keçirmədiyi, burada komanda işi tələb olunduğuna dair sadə proqnozlar özünü doğruldur, cinayətkar şəbəkənin dairəsi genişlənir. Görünür, komissiya sədri komandası ilə birgə tenderlərə özünün "Pole Çudes"i kimi baxıb. Amma indi əsas məsələ bu, deyil. İndi diqqət bu nazirlikdə ola biləcək radikal dəyişikliklərə yönəlib.

Qlobal savaş

Ötən 7 ayda olduğu kimi, bu həftədə də gündəmin baş mövzusu karonavirus və ya ona bağlı mövzulardır. Yoluxanların sayı keçən həftə 12 milyonu, ölənlərin sayı 560 mini ötdü.

Bioloji savaş kimi də interpretasiya olunan pandemiyanın dünya düzənini dəyişməyə hesablandığı da deyilir. Bəzi təhlilçilərin qənaətincə, bir-biriylə savaşan mərkəzlərdən biri SSRİ-dən sonra boşalan yerə məhz Çini yerləşdirməyə çalışırdı. ABŞ-ın müqaviməti isə pandemiya ilə təşkil edildi və sonda Çinin neytrallaşdırılması ilə bitəcək.

Aya Sofya

Həftənin ən yaddaqalan hadisələrindən biri Türkiyənin Aya Sofyanı məscidə çevirmək barədə qərarı idi. Qərara qədər muzeyə giriş biletlə idi. Bu, böyük məbləğdə turist vəsaiti demək idi.

Görünür, illərdir müxtəlif bəhanələrlə Avropa İttifaqına buraxılmayan Türkiyə "əzələ nümayişi"ni daha vacib hesab edib. Xatırladaq ki, məbəd VI əsrdə İmperator Yustiniyanın əmri ilə tikilib. Osmanlılar o zaman Konstantinopol adlandırılan İstanbulu fəth etdikdən sonra kilsə məscidə çevrilib. Lakin 1934-cü ildə Mustafa Kamal Atatürk Aya Sofyaya muzey statusu verib.

Bu arada UNESCO Türkiyə hökumətinə xəbərdarlıq edib ki, Dünya İrs Komitəsinin razılığı olmadan Aya Sofyanın statusunun dəyişdirilməsi qanundankənar addım hesab olunur.

Bu fakt isə əks arqument kimi qəbul oluna bilər: 1236-cı ildə Səlib yürüşlərinin nəticəsi olaraq müsəlmanlar Kordovadan çıxarılıb. Məscidin iri binası xristian məbədinə uyğunlaşdırılıb.

Yəni tarixdə anoloji nümunələr var, çox da narahat olmağa dəyməz.

Baş epidemioloq

1992-ci ildən Azərbaycanın Baş epidemioloqu vəzifəsində çalışan professor İbadulla Ağayev istefa verdi. Səbəb isə yəqin ki, jurnalistlə telefon danışığı idi. Epidemioloq jurnalistin sualına cavabında bildirmişdi ki, rayondadır və koronavirusla bağlı vəziyyətin nə yerdə olduğunu bilmir, onun da yaxını, xəstəsi var, rayona gedib. Belə... Qəzetçiləri xoşhal edən, məmurların isə bəyənmədiyi belə bir fraza var: Nazirlə milçəyin heç bir fərqi yoxdur, onların hər ikisini qəzetlə öldürmək olar!

190 manatlıq qarpız

Həftənin digər mövzusu 190 manatlıq qarpızla bağlıdır. Hökümətin pandemiyanın təsirlərinin minimallaşdırılması istiqamətində sosial paketlərindən biri - əhalinin işsiz təbəqəsinə verilən 190 manatlıq müavinəti alan gənclər onunla aldığı qarpızları həyətə düzərək bıçaqla, ayaqları ilə parçalayır.

Bəli, nazirlik elektron sistem üzərindən aldığı informasiyalarla, yəni vətəndaşın adında əmək müqaviləsi, VÖEN, əmlak, avtomobil və s. olmamasını əsas götürərək, yardımı ayırıb. Videogörüntülər acı təəssüf hissi yaradır: Gəncin düşüncə tərzi, təfəkkürü təhlükəlidir. Təkcə bu gün üçün yox, gələcək üçün də. Halbuki, gənc belə bir video da çəkə bilərdi: aldığı yardıma ehtiyacı olmadığı üçün həmin vəsaitlə aldığı ərzaqları aztəminatlı bir ailəyə çatdıra və bunu sosial şəbəkələrdə yaya bilərdi.

Məsuliyyət

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıldı. Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü R.Bağırov barədə cinayət işi başlayıb.

Bəli, qanunvericilikdə son dəyişiklikdən sonra bilərəkdən yoluxdurma cinayət məsuliyyəti yaradır. Ancaq polisin bütün belə hallarda xəstələri aşkarlamaq imkanları məhduddur. Deməli, həlledici amil fərdi məsuliyyətdir. Özümüz qədər başqalarını düşünmək və qaydalara riayət etmək cəmiyyətin mədəni səviyyəsinin göstəricisidir.

Subsidiyalar

Ötən həftə kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxs saxlanıldı.

Məlum oldu ki, cari ilin 3 ayı ərzində 2000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb.

Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Ümumilikdə 5 milyon manata yaxın vəsaitin mənimsənilməsi faktından söhbət gedir.

İndi aydın oldumu ki, bazarda əriyin qiyməti niyə 3 AZN-dən, gilas 2.50-dən, çiyələk 4 AZN-dən aşağı düşmür?!

P.S. Və şübhəsiz, həftənin bizim üçün ən mühüm hadisəsi Tovuz istiqamətində ermənilərin təxribatların ordumuzun verdiyi cavab oldu. 4 hərbçimizin şəhid olduğu, beşinin isə yaralandığı, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşdə bölmələrimizin atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Ermənilərin bu təxribatları niyə məhz Tovuz istiqamətində - dövlət sərhədində törətdiyi aydındır, amma bu, Azərbaycanı cəbhə xəttinin digər zolağında düşmənə daha ağır zərbələr vurmaq hüququndan məhrum etmir.

Mənbə: sputnik.az