Sülh, yoxsa müharibə? - Ermənistanın Qarabağla bağlı siyasəti — VİDEO

Sülh, yoxsa müharibə? - Ermənistanın Qarabağla bağlı siyasəti  — VİDEO

Məhşur alman strateqi və hərbi nəzəriyyəçisi Karl fon Klauzevits XIX əsrin əvvəllərində deyirdi: “Müharibə sadəcə siyasətin başqa vasitələrlə davamıdır”.

Bu fundamental müddəanı dərk edənlər müharibələrdən həmişə qalib çıxıblar. Müharibəni yalnız döyüş meydanlarında şücaət və mərdlik kimi başa düşən cəmiyyətlər, ya məğlub olub tarix səhnəsindən çıxıb, ya da başqa mənəvi baxışlar sistemi olan cəmiyyətin müstəmləkəsinə çevriliblər. Müharibə vasitələri toplumun gücünə arxayın olaraq, haqsızlıq edənləri hər zaman qələbəyə aparmır. Belə cəmiyyətlər də öz güclərinin mənbəyini düzgün dərk etməyərək, deqradasiya yoluna qədəm qoyurlar. Və son nəticədə ağır məğlubiyyətə düçar olurlar. Bu tezis dünya tarixində hər hansısa bir izi olan bütün cəmiyyətlərə tətbiq olunmaq üçün universaldır.

Bu baxımdan ətrafımızda olan cəmiyyətlərin siyasətini izləmək bizim üçün öz ailə büdcəmizi izləmək qədər vacibdir. Çünki onların siyasətinin nə vaxt müharibəyə, həmin müharibənin isə nə vaxt hərbi zərbəyə çevriləcək anını ötürə bilərik. Bu isə düşmənin gücündən asılı olaraq, tam məhv olmaqdan tutmuş, ölümcül yara alaraq, uzun müddət sağalmağa qədər müxtəlif nəticələrə gətirib çıxara bilər. Şikəst olub, mübarizə əzmini və qabiliyyətini itirmək də istisna olunmur.

Mənbə: olke.az