Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatında şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi, qeyri-adi riyazi bacarıqları ilə diqqət çəkən beş yaşlı Fərid Səmədzadə ilə görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Azərbaycanda təhsil sahəsində həyata keçirilən siyasətdən danışaraq, fitri istedadlı uşaqların inkişafı üçün ölkədə geniş imkanların yaradıldığını bildirib. O, Fərid Səmədzadənin riyazi bacarıqlarının ictimaiyyət və elm adamları arasında maraq doğurduğunu qeyd edib və belə uşaqların təhsilinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Fəridin valideynləri – şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Rəhman Səmədzadə və Kətəlparaq kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Həbibə Səmədzadə övladlarının riyazi qabiliyyətlərinin onları tez-tez təəccübləndirdiyini bildiriblər. Onların sözlərinə görə, Fərid böyük rəqəmlərlə bağlı mürəkkəb riyazi əməliyyatları özünəməxsus üsullarla həll edir.
Tədbir zamanı Fərid Səmədzadə iştirakçıların ünvanladığı müxtəlif riyazi sualları cavablandırıb və hesablama bacarıqları ilə diqqət çəkib.
Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin Bərdə sektorunun müdiri Nicat İsmayılov və şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Mehparə Mustafayeva da iştirak ediblər. Çıxışlarda Fəridin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müəllimlərin üzərinə düşən vəzifələrin yerinə yetirildiyi bildirilib.
Sonda Fərid Səmədzadə təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.

Mənbə: www.aznews.az