Dünən Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunları üçün planlaşdırılan məzun gecəsi son anda ləğv edilib.
Bununla bağlı tələbələr sosial şəbəkələrdə paylaşımlar ediblər.
Bildirilib ki, tədbirə cəmi bir gün qalmış məzunlara gecənin baş tutmayacağı barədə məlumat verilib. İddialara görə, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan N. Möhbalıyeva tərəfindən təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanıb.
Lakin sonradan məzunlara təşkilatçı tərəfin ailə üzvləri hesabların dondurulduğunu əsas gətirərək vəsaitin dərhal geri qaytarılmasının mümkün olmadığını deyiblər:
“Ödənişlərin 10 gün ərzində qaytarılacağı vəd olunub. Lakin tələbələr üçün bu vəsaitin 10 gün sonra deyil, məhz indi qaytarılması vacibdir. Çünki bir çox tələbə məzun gecəsini başqa məkanda təşkil etmək üçün öz vəsaitinə ehtiyac duyur. Hazırda yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər çəkmiş vəziyyətdədir: Biz hadisənin səbəbləri, toplanmış vəsaitin taleyi və məsul şəxslərin öhdəlikləri ilə bağlı aidiyyəti qurumlardan rəsmi araşdırma və açıqlama gözləyirik”, - deyə paylaşımda qeyd olunub.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinə Bakupost.az tərəfindən sorğu ünvanlanıb.
Lalə Novruz
Mənbə: www.bakupost.az