Yeni Zelandiyada möcüzə: Başı stola dəyən qadın 13 ildən sonra görməyə başladı

Yeni Zelandiyada möcüzə: Başı stola dəyən qadın 13 ildən sonra görməyə başladı
Yeni Zelandiyada 24 yaşlı Oklend sakini Liza Rid təsadüfən başını jurnal masasına çırpıb və 13 illik görmə məhdudiyyətindən sonra görməyə başlayıb.

Bu möcüzəvi sağalma barədə "Scoop" nəşri məlumat verib.

Məlumata görə, Liza Rid 11 yaşında beyin şişi səbəbindən görmə qabiliyyətini itirib. Əməliyyatdan sonra şiş çıxarılıb, lakin görmə sinirləri zədələnib. Həkimlər Lizanın vəziyyətini geridönməz elan ediblər.

Lakin görmə qabiliyyətini itirdikdən 13 il sonra gənc qız təsadüfən masaya çırpılıb. Liza özünün bələdçi itini öpmək üçün əyildiyi zaman tarazlığını itirib və başını jurnal masasına, sonra isə yerə vurub. Növbəti gün səhər oyandıqda görmə qabiliyyətinin bərpa olunduğunu aşkar edib.

Həkimlər baş verən hadisəni izah edə bilməyiblər. Bəziləri ehtimal ediblər ki, görmə qabiliyyətinin itirilməsi psixosomatik ola bilər.

Mənbə: oxu.az