Qlobal bazarda baş verən təlatümlər təbii ki, ölkəmizdən də yan keçmir. Belə ki, dünyada qızıla marağın səngiməsi xarici valyutalara marağı artırıb.
Bu durumda insanlar yenə də ehtiyat pullarını xarici valyutada saxlamağa başlayıblar.
Təbii ki, xarici valyutaya maraq iki istiqamətdə özünü büruzə verir.
Birinci halda insanlar dollar, avro və digər xarici valyutaları alaraq evdə saxlayırlar.
İkinci halda isə əlavə vəsaitlərini xarici valyutada banklara əmanət edirlər. Nəzərə alaq ki, banklara edilən əmanətlər “sandıq yatırımı”ndan daha sərfəli və etirbarlıdır. Çünki Azərbaycanda xarici valyutada qoyulan əmanətlər üzrə illik faiz dərəcələri banklardan asılı olaraq dəyişir və əsasən 1.00% - 4.50% aralığında təklif olunur. Üstəlik əmanətlər sığortalanır. Belə ki, qanunvericiliyə əsasən, sığortalanan xarici valyuta əmanətlərinin illik faiz dərəcəsinin yuxarı həddi 2.5% müəyyən edilib.
Bəs, ən etirbarlı xarici valyuta hansıdır?
Dollar bütün dünyada olduğu kimi Azərbaycanda da kifayət qədər populyardır. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi valyuta məhz dollardır.
Üstəlik, digər valyutalar üzən məzənnə ilə dəyər qazanırsa, dolların məzənnəsi inzibati yolla müəyyən olunur. Belə ki, dolların manata nisbətən məzənnəsi birbaşa Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bu da o deməkdir ki, manatın məzənnəsi uzun müddətdir dollara qarşı sabit qalır və iqtisadi qeyri-müəyyənliklər fonunda dollar etibarlı qorunma aləti kimi qiymətləndirilir.
Ona görə də uzunmüddətli yığım və investisiyalar üçün dollar hələ də insanlarımızın əsas seçimlərdən biri və bəlkə də birincisidir.
Avro hələ tam rəğbət qazanmayıb, rubl isə...
Avro kifayət qədər populyar olsa da, insanlarımızın o qədər də marağını cəlb etmir. Çox az insan ehtiyat vəsaitini avroda saxlayır. Bununla belə avro ölkəmizdə üçüncü əsas yığım alətidir. Manat və dollardan sonra avroya inam və maraq hələ də qalır.
Rus rublu daha əvvəlki kimi populyar deyil. Məsələn 90-cı illərdə və 2000-ci ilin əvvəllərində ölkəmizdə rubla maraq böyük idi. Bunun da əsas səbəbi Rusiyada yaşayan soydaşlarımızın iqtisadi fəaliyyəti idi. Vaxtilə Rusiyadan hər ay ölkəmizə böyük ölçüdə vəsait göndərilirdi.
Bu vəsait bəzi hallarda rublla ifadə olunurdu. Eyni zamanda, Azərbaycandan Rusiyaya axın böyük olduğ üçün ölkəmizdə rubl ehtiyatı görənlər də vardı. Lakin son zamanlar bu sadaladığımız amillər əsasən aradan qalxdığı üçün və rublun sürətlə dəyər itirməsi bu valyutaya marağı azldıb.
Türk lirəsi
Son zamanlar Türk lirəsinə maraq artıb. Bu da onunla bağlıdır ki, Türkiyədə daşınmaz əmlak alan soydaşlarımızın sayı günbəgün artır. Eyni zamanda, Türkiyəyə mövsümi işlərə gedənların sayı çoxalıb. Bu səbəbdən lirəyə maraq ötən onilliklərlə müqayisədə artıb. Amma lirə hələ də vətəndaşlarımız üçün yığım alətinə çevrilməyib.
Mütəxəssislər hesab edirlər ki, bütün vəsaiti manatda və ya tam şəkildə xarici valyutada saxlamaq optimal seçim deyil. Daha sağlam yanaşma vəsaitlərin bir hissəsini manat depozitlərində, digər hissəsini isə dollar, avro və ya digər müdafiə alətlərində yerləşdirməkdir.
Bu strategiya həm gəlirlilik, həm də risklərin idarə olunması baxımından daha balanslı hesab edilir.
Mənbə: www.bakupost.az