Suraxanı rayonunda şəhid bulağına bir neçə şəxs tərəfindən müdaxilə edilməsi ilə bağlı görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kanal 21” səhifəsi paylaşım edib.
Mənbədə qeyd olunub ki, adıçəkilən ərazidəki şəhid bulağı gecə saatlarında bir neçə şəxs tərəfindən dağıdılıb. Videoda həmin şəxslərin ilk olaraq bulağın işığını söndürməsi öz əksini tapıb. Bildirilib ki, həmin şəxslər bunu kameradan kimlikləri bəlli olmasın deyə ediblər.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Şəhid Elmaz Hacıyevin adına artıq mövcud olan bulaq-abidə kompleksinə baxmayaraq, şəhidin anası Səxavət Hacıyeva və qardaşı tərəfindən həmin kompleksin bilavasitə yaxınlığında yeni bulaq-abidə kompleksinin inşası işləri həyata keçirilir.
Qeyd olunan tikinti ilə bağlı müvafiq qurumlara müraciət olunması üçün şəhid ailəsinə Rayon İcra Hakimiyyəti tərəfindən tövsiyələr verilsə də, göstərilən tapşırıqlara əməl olunmadan tikinti işləri davam etdirilib. Eyni zamanda, bulaq tikintisinin aparıldığı ərazinin ona məxsus olduğunu iddia edən vətəndaş Arzuman Şalı oğlu Əliyev tərəfindən müvafiq torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması barədə Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət olunub.
Tikinti prosesi zamanı tərəflər arasında narazılıq yaranıb, ilkin ehtimallara əsasən, ərazidə qeydə alınan söküntü işləri torpaq mülkiyyəti iddiası irəli sürən vətəndaş tərəfindən həyata keçirilib. Əlavə olaraq məlumat üçün bildiririk ki, şəhid bulağının qarşı tərəfində, şəhid ailəsi tərəfindən müvafiq razılıq və icazələr olmadan qanunsuz inşa edilərək hal-hazırda fəaliyyət göstərən qeyri-yaşayış təyinatlı obyekt mövcuddur”.
Qeyd edək ki, şəhid Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb, noyabrın 4-də şəhid olub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Laçının azad olunmasına görə” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sözügedən görüntüləri təqdim edirik:

Mənbə: qafqazinfo.az