Selbinin dəfni üzərindən aparılan manipulyasiyalar – Əməkdar artistdən SƏRT TƏNQİD

Selbinin dəfni üzərindən aparılan manipulyasiyalar –   Əməkdar artistdən SƏRT TƏNQİD

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun qızı Selbi Cəfərlinin dəfn edildiyi barədə xəbər vermişdik. Dəfn mərasimindən sonra sosial şəbəkələrdə, eləcə də bəzi mətbu orqanlarda Selbi Cəfərlinin məzarə üçün uyğun ərazi seçilmədiyi iddiası irəli sürülür. Guya, ərazidə daha çox xristianlar dəfn olunub, hicablı bir uşağın o ərazidə dəfni yolverilməzdir.

Dəfndə iştirak edən əməkdar artist Aybəniz Haşımova Bakupost.az -a açıqlamasında belə məlumatları yayanları sərt tənqid edib.
“Mən də dəfndə iştirak etdim, orada rəsmi şəxslər, tanınmış ictimai xadimlər, şəhid anaları, hərbçilər vardı. İzdihamlı dəfn mərasimi oldu. Qızımızın dəfn olunduğu ərazi də öz torpağımızdır, Azərbaycandır. Ermənistan deyil ki?! Selbinin dəfn olunduğu yerin yaxınlığında bəstəkar Üzeyir Hacibəylinin ailə üzvləri də dəfn olunub. Bundan başqa xalçaçı -rəssam Lətif Kərimov, milyonçu Yelmar Məmmədov da həmin ərazidə dəfn olunub. Hətta mətbuatımızın baisi Həsən bəy Zərdabi də həmin ərazidə dəfn edilib. Bu barədə məlumat yayanda diqqətli olmaq lazımdır. Şəhidə və onun qızına heç bir hörmətsizlik edilməyib”, - deyə əməkdar artist bildirib.
Sənətçi bu məsələ ətrafında manipulyasiya edən və xal qazanmaq istəyənləri də qınayıb:
"Dəfn üçün yerin uyğun olmadığını deyib ajiotaj yaratmaq istəyənlərin məramı xoş deyil. Görünür, kimlərsə bununla "vətənpərvərlik" nümayiş etdirmək, ucuz sensasiya yaratmaq istəyirlər. Amma onlar belə vətənpərvərdilərsə, dəfn mərasiminə qatılardılar".
Aysel,
BakuPost

Mənbə: www.bakupost.az