“Google”, “Amazon” və “Apple” Azərbaycan investorları üçün əlçatan ola bilər

“Google”, “Amazon” və “Apple” Azərbaycan investorları üçün əlçatan ola bilər

“Google”, “Amazon” və “Apple” kimi böyük texnoloji şirkətlərin qlobal iqtisadiyyatda üstünlük təşkil etdiyi və gənclərin sərmayə yatırmağa həvəsinin artdığı bir dövrdə Bakı Fond Birjası (BFB) geridə qalmamaq qərarına gəlib.

BFB-nin Müşahidə Şurasının sədri Fərid Axundov bu şirkətlərin səhmlərini birja platforması vasitəsilə əldə edilməsini əlçatan etmək barədə planları açıqlayıb.

“Artıq bir çoxları, xüsusən də gənc nəsil bu şirkətlərin səhmlərini xarici broker platformaları və kastodian banklar vasitəsilə alır ki, bu da bir qədər baha başa gəlir”, - o bildirib.

F.Axundovun sözlərinə görə, bu gün BFB-nin bu cür ticarət əməliyyatları üçün heç bir məhdudiyyəti yoxdur və buna görə də "biz bu barədə düşünürük": “Bu alətlərin yerli bazarda mövcud olmasını istəyirik”.

BFB-nin “Strateji inkişafın əsas təşəbbüsləri” şüarı altında 2024-2026-cı illər üçün yeni strategiyası fond bazarında əməliyyatları sadələşdirmək və daha əlçatan etmək məqsədi daşıyır: “Xüsusilə, bankların mobil tətbiqləri vasitəsilə, hesablardan vəsaitləri investisiya şirkətlərinin hesablarına köçürməklə, müxtəlif gəlirliliklə istənilən aləti almaq mümkün olacaq”.

Bundan əlavə, BFB investisiya hesablarının əhali arasında, xüsusən də gənclər arasında daha fəal şəkildə təşviqini planlaşdırır. İnvestisiya şirkətləri, banklar və onların onlayn/mobil kanalları vasitəsilə hesab açma kampaniyaları təşkil olunacaq. Bakı Fond Birjası, həmçinin universitet tələbələri tərəfindən demo və real hesabların açılmasını dəstəkləyəcək.

Bu tədbirlər təkcə investorların əhatə dairəsini genişləndirmək deyil, həm də birjanı gənc və texnoloji biliklərə malik insanlar üçün daha cəlbedici etmək məqsədi daşıyır.

Mənbə: report.az