Rusiya həyəcan təbili çaldı: İqtisadiyyat üçün əsas təhlükə açıqlandı

Rusiya həyəcan təbili çaldı: İqtisadiyyat üçün əsas təhlükə açıqlandı

Rusiyada ixtisaslı kadr çatışmazlığı ölkə iqtisadiyyatı üçün əsas risklərdən birinə çevrilib.

Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, digər ciddi problem əmək məhsuldarlığının artım tempinin əməkhaqqı artımından geri qalmasıdır. Novak qeyd edib ki, bu amillər birlikdə Rusiya iqtisadiyyatı qarşısında duran ən mühüm çağırışlardan hesab olunur.

Bildirilir ki, ölkədə rekord səviyyədə aşağı işsizlik fonunda kadr çatışmazlığı daha da dərinləşib. Nəticədə şirkətlər üçün ixtisaslı əməkdaş tapmaq getdikcə çətinləşir, çünki əmək bazarında sərbəst kadr ehtiyatı xeyli azalıb.

Mövcud vəziyyət fonunda bir sıra şirkətlər yeni işçilərin işə qəbulunu mərhələli şəkildə dondurmağa başlayıb və diqqəti təcrübəli əməkdaşların saxlanılmasına yönəldib. Əvvəllər yüksək maaş təklif etməklə yeni kadrların cəlb edilməsinə üstünlük verilsə də, artan xərclər səbəbindən bu imkanlar məhdudlaşıb.

Ekspertlərin fikrincə, ilin sonunadək işə qəbulun dondurulması tendensiyası davam edəcək. Analitiklər həmçinin qismən məşğulluğun artacağı ehtimalını da istisna etmirlər.

Adəm

Mənbə: publika.az