Dünyada hər il təxminən 1 trilyon dollarlıq ərzaq itkisi qeydə alınır

Dünyada hər il təxminən 1 trilyon dollarlıq ərzaq itkisi qeydə alınır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı məlumatlara əsasən, hər il dünyada itirilən və ya tullantıya çevrilən qida məhsullarının iqtisadi dəyəri təxminən 1 trilyon dollara yaxınlaşır.

Bu göstərici qlobal ərzaq istehsalının əhəmiyyətli hissəsini əhatə edir.

Hesabatda bildirilir ki, dünyada istehsal olunan ərzağın təxminən üçdə biri istehlakçıya çatmadan itirilir və ya tullantıya çevrilir. Bu həcmdə qida məhsulu ilə il ərzində 1,26–1,3 milyard insanın ərzaq təminatını qarşılamaq mümkün olardı.

FAO-nun hesablamalarına görə, qida məhsullarının təxminən 14 faizi istehsal, emal və daşınma mərhələlərində itirilir ki, bunun da dəyəri 400 milyard dollara yaxındır. Bundan əlavə, istehlak mərhələsində ərzağın 17 faizi tullantıya çevrilir. Nəticədə ümumi iqtisadi itki hər il təxminən 936 milyard dollar təşkil edir.


Sənəddə heyvandarlıq sektorunun inkişaf meyillərinə də toxunulub. Bildirilir ki, son onilliklər ərzində qlobal ət istehsalı demək olar ikiqat artıb. Xüsusilə quş əti istehsalı 1961-ci ildən bəri təxminən altı dəfə yüksəlib. Donuz əti və yumurta istehsalında da nəzərəçarpacaq artım qeydə alınıb, süd istehsalında isə daha sabit və mülayim yüksəliş müşahidə olunub.

Regional göstəricilərə əsasən, ümumi istehsal həcminə görə Asiya lider mövqedə qərarlaşıb, Avropa isə ikinci yerdədir. Adambaşına düşən istehsal göstəricisində Şimali Amerika ön sıradadır. Saxaradan cənubda yerləşən Afrika ölkələrində ümumi istehsal səviyyəsi əsasən dəyişməz qalsa da, bəzi ölkələrdə süd və quş əti istehsalında artım qeydə alınıb.

Mənbə: bizim.media