Yağışda qalxan taksi qiymətləri niyə düşmür?

Yağışda qalxan taksi qiymətləri niyə düşmür?

Son iki ayda Bakıda taksi xidmətlərində qiymət artımı müşahidə olunur. Sərnişinlər bildirirlər ki, əvvəl “Uber”, “Bolt” kimi taksi şirkətlərində 3 manat civarında olan qısa məsafələr üçün gediş haqları indi 4-5 manatdan başlayır və daha yüksək məbləğlərə qədər artır.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, taksi qiymətlərinin yağışdan əvvəlki tariflərə qayıtmasına stimul yaradan iqtisadi motivasiya zəifləyib:
“Yağış zamanı tətbiq olunan yüksək tariflər bir növ bazarın yeni qiymət həddini formalaşdırıb. Şirkətlər sərnişinlərin artıq yeni qiymətlərdən istifadəyə alışdığını gördüyündən geriyə addım atmağa tələsmirlər. Nəticədə əvvəlki tariflərə qayıtmaq üçün iqtisadi motivasiya zəifləyir”.
Ekspertin sözlərinə görə, mövcud durumun yaranmasında son illərdə taksi sektorunda həyata keçirilən islahatların da müəyyən təsiri var:
“Taksi sürücüləri və avtomobillər üçün tətbiq edilən yeni tələblər, hazırlıq kursları, sertifikatlaşdırma, avtomobillərin yaşı və texniki vəziyyəti ilə bağlı məhdudiyyətlər xidmətin keyfiyyətini artırmaq məqsədi daşısa da, eyni zamanda bazarın xərclərini yüksəldib. Bir çox sürücü əlavə xərc və prosedurlar səbəbindən fəaliyyətdən uzaqlaşıb və ya yeni tələblərə uyğunlaşmaq üçün daha çox vəsait xərcləməli olub. Bu isə xidmətin maya dəyərini artırıb və son nəticədə qiymətlərə təsir göstərib”.
Bu da həmsöhbətimizə görə, islahatlar həyata keçirilərkən sərnişlər üçün qiymət amilinin kifayət qədər nəzərə alınmadığının göstəricisidir:
“Xidmət keyfiyyətinin yüksəldilməsi vacibdir, lakin bazarda təklifin və sürücülərin sayının azalması qiymətlərin artmasına səbəb olub. Xüsusilə qısa məsafələrdə əvvəllər müşahidə olunan çox aşağı tariflər artıq iqtisadi baxımdan mümkün görünmür”.
A.Nəsirli qeyd edir ki, bazarda fəaliyyət göstərən sürücülərin sayı azaldıqda və əsas platformalar oxşar qiymət siyasəti yürüdürsə, sərnişinin daha ucuz alternativ tapmaq imkanı da məhdudlaşır:
“Bu, formal kartel demək deyil, lakin bazarda rəqabət təzyiqinin azalması qiymətlərin yüksək səviyyədə qalmasına şərait yarada bilər. Digər tərəfdən, yanacaq, avtomobil ehtiyat hissələri, mühərrik yağları, şinlər, təmir, sığorta və amortizasiya xərclərinin son illərdə artması da qiymətlərə təsir edən amillər sırasındadır. Taksi xidməti əvvəllər müəyyən mənada subsidiya edilmiş və ya çox aşağı marja ilə işləyən model üzərində qurulmuşdu. İndi isə bazar daha çox real xərcləri qiymətlərə əks etdirməyə başlayır.
Nəticə etibarilə, qiymətlərin yüksək qalmasının səbəbi yalnız yağış və ya mövsümi tələb deyil. Burada tənzimləyici islahatlar nəticəsində maya dəyərinin artması, bazarda təklifin azalması, sürücülər üçün əlavə tələblər, ümumi inflyasiya və rəqabət təzyiqinin əvvəlki dövrlərlə müqayisədə zəifləməsi kimi amillərin hamısı birlikdə rol oynayır. Bu səbəbdən bir çox sərnişinlərdə belə bir təəssürat yaranır ki, xidmət keyfiyyətində müəyyən yaxşılaşmalar olsa da, bunun əsas yükünü daha yüksək gediş haqları şəklində istehlakçılar ödəyir”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az