“Qızımın olduğunu yalandan yazıblar...” - Videomüsahibə

“Qızımın olduğunu yalandan yazıblar...” - Videomüsahibə

“Çıx qatar yoluna hər axşam-səhər,

Çıx qatar yoluna, məni qarşıla…”

Onunla müsahibəyə gedəndə yolboyu bu mahnını zümzümə edirdim. Çünki çoxumuz Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi Cavan Zeynallını məhz bu ifası ilə tanıyırıq.

Sosial şəbəkədə qarşımıza çıxan sonuncu - arıqladığını hiss etdiyimiz videosundan sonra zəng edib həm hal-əhval tutduq, həm də həmsöhbət olmaq istədiyimizi dedik. Qəbul etdi, amma həftəsonu zəng etdiyimiz zaman xəstə olduğunu, evdən çölə addım atmadığını bildirdi. Şəfa diləyib dəstəyi asmaq istəyəndə “Dayan, gözlə, dəstəyi asma”, - dedi.

- “Müsahibəni sonraya saxladığım üçün, qoy sənə bir mahnı ifa edim”.

Özümə də qəribə gəldi. Royalının qarşısına keçib “Ey həyat, sən nə qəribəsən” mahnısını ifa etdi. Axı 20 il “Qaya”nın da üzvü olmuşdu. Yaşı doğrudan da ondan yan keçib. Həm xəstə halı ilə ifa etməyi, həm də məndə maraqlı bir xatirə yaratdığı üçün ona təşəkkür etdim. Və nəhayət, 3 həftənin sonunda onunla görüşə bildik. Hava yaxşı idi, həm də gəzməyi sevdiyi üçün parkda kölgəlik bir yer tapıb əyləşdik…

Videonu buradan izləyə bilərsiniz:

- Artıq 80 yaşı haqlamısınız. Yaşınız artsa da, adınızdan heç vaxt uzaqlaşmırsınız. Bu yaşda özünü ruhən cavan hiss etmək üçün nə edirsiniz?

- Əvvəlcə, onu deyim ki, mənim öz adım Cavan yox Cavanşirdi. Uzun illər bundan əvvəl adımdakı “şir”i çıxarmışam. Bu yaşda cavan hiss etməyimə səbəb isə pianoda ifa etməyimdir. Musiqi öz işini görür. Mən pianoda ifa edəndə görürəm ki, üzüm də gülür. Həm ifa edirəm, həm də oxuyuram.

Mən musiqi ilə sağlam oluram. Yoldaşım Röya xanım 3 il bundan əvvəl vəfat edib. Ondan sonra, ümumiyyətlə, pianoda ifa etmədim. Televiziyaya, radioya çağırırdılar, deyirdim, gələ bilmərəm. Psixoloq Ramiz var, o mənə dedi ki, Cavan, sən çox arıqlamısan. Səbəbi nədir görəsən? Dedim, həm az yeyirəm, həm də ifa etmirəm. Həmin psixoloq qayıtdı ki, əsas səbəb ikincidir.

O mənə həftədə 3 dəfə 30 dəqiqə ifa etməyi tövsiyə etdi. Mən də onun dediyini etdim, 1, 3, 5-ci günlər pianomda ifa edirəm. İlk 2 həftə heç bir müsbət təsirini görmədim. Özünə də bildirdim. Dedi ki, 1 ay dediyimə əməl et, sonra zəngləşərik. 20 gün keçəndən sonra baxdım ki, gülürəm, üzüm-gözüm açılıb. Fikirləşdim ki, 1 ay tezdir, 3 aydan sonra ona zəng edim. 3 ay müddətində ifa edə-edə, həm də oxudum. Zəng elədim ona, dedim ki, ay Ramiz, mən indi ifa edəndə gülürəm, ürəyim açılır. Artıq 1 ildir ki, onun sözlərinə əməl edirəm.

- Həmişə deyirsiniz ki, çox gəzirsiniz. Həkimlər də elə bunu məsləhət görürlər.

- Bəli, çox gəzmək də idmandır. Hər gün çıxıb gəzirəm. Çox sevirəm gəzməyi. Bu aralar bir az xəstələndim, ona görə həkim iynə-dərman yazdı. İndi yavaş-yavaş yaxşılaşıram. Məni xəstələndirən də hava oldu. Hava gah isti, gah soyuq olur. Hamı mənə deyir ki, gəzmə, xəstələnəndən sonra necə ifa edib, oxuyacaqsan?

- Oxumaq demişkən, tədbirlərə gedirsinizmi?

- Tədbirlərə çox az gedirəm. Xoşuma gəlmir. Harada çox adam olursa, oradan qaçıram. Məni çağırırlar, istəyirlər gedim oxuyum 1-2 saat. Deyirəm yox, ancaq 30 dəqiqə oxuya bilərəm. Pulumu alıb gəlirəm. Mənə rahat olmaq lazımdır. TV-lərə çağırırlar, amma çox getmirəm, baxıram orada kim olacaq. Cavanlar varsa, heç getmirəm. Ümumiyyətlə, mən hər adam çağırılan verilişə getmirəm.

- Bayaq dediniz ki, yoldaşınız 3 il əvvəl rəhmətə gedib. Sizin yoldaşınız da psixoloq olub. Necə xatırlayırsınız onu?

- Bəli, Röya 3 ildir vəfat edib. Yoldaşım qusarlı idi, onu orada dəfn etdik. 1 həftə bundan əvvəl də gedib ziyarət etdim. Mən onu Bakıda dəfn etmək istədim, amma qohumları gəldi, dedi ki, o, ölməmişdən əvvəl vəsiyyətini yazıb, Qusarda öz yaxınlarının yanında dəfn olunmağını istəyir. Elə orada da dəfn etdik.

Dayanır… Ətrafdakı göyərçinlərə baxıb, onların da necə gözəl oxuduğunu deyir.

- İndi tək yaşayırsınız?

- Cənab Prezident İlham Əliyev mənə ev bağışlayıb. Mənim qohumlarım var, gəlib 2 gün mənimlə qalırlar, sonra evlərinə gedirlər, tək qalıram. Pianoda ifa edənlər, musiqi yazanlar gərək tək olsun. Çünki evdə kimsə olanda mənə mane olurlar. 2-3 gün tək qalandan sonra zəng edirəm, yenidən gəlirlər.

- Vaxtilə sizə Amerikadakı caz klubların birindən təklif gəlir, bir müddət orada qalırsınız, sonra yenə vətənə qayıdırsınız. Niyə oralarda yaşamaq istəmədiniz?

- Mənim yoldaşım həmişə Amerikaya köçmək istəyirdi. Orada mənim çoxlu dost-tanışım var idi. Röya ilə birgə Nyu-Yorka getdik. Dedi ki, canik, bəlkə bura köçək? Dedim, hələ bir burada yaşa, sonra qərar verərik. Məni də caz kluba saldılar, onlar məni tanıyırdı, Bakıya, Moskvaya gələndə, onlar üçün pianoda ifa edirdim. Orada amerikalı skripkaçı var idi, mənimlə birgə ifa etmək istəyirdi. Dedim, mənə skripka ilə müşayiət lazım deyil. Əslində onun ifasını bəyənmirdim. Orada da dedilər ki, “only one”.

Həm ifa edirdim, həm də oxuyurdum. Bəzən Frank Sinatranın, Tom Consun mahnılarını da ifa edirdim. Orada bizə ev verdilər, düz meşənin yanında. 3 ay keçdi Röya mənə dedi ki, canik, gəl gedək öz evimizə. Fikirləşirdim, yarım il sakit burada işləyim, yaxşı da pul verirdilər. Soruşdum, niyə belə çox darıxırsan? Bizim Bakıda həyətdə iki maşınımız var idi. Qorxurdu ki, kimsə nəsə edər. Mən də qorxdum. Hərdən nəsə deyirdi, onun dediyi də düz olurdu.

- Maşınlarınıza nəsə oldu bes?

- Yox. (Gülür)

- Qayıtdığınıza peşmansınız?

- Yox. Bakıya gələndə hiss etdim ki, mən buranı çox sevirəm. Elə Röyaya da dedim ki, yaxşı edib gəldik. Mən öz vətənimi sevirəm.

Gözləri yol çəkir. Bu vaxt yadıma elə bu situasiyanı izah edən atalar sözü düşür: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı…”

Göz-gözə gəlirik, danışmağa davam edir.

- Amma 5 il Moskvada qaldım. Sonra atam zəng etdi ki, Cavan, gəl, xəstələnmişəm, səni görmək istəyirəm. Bakıya gələndə gördüm ki, atam yatağa düşüb.

- Atanız 18 nömrəli məktəbin direktoru olub, siz də həmin məktəbdə oxumusunuz, hətta təhsil aldığınız məktəbin aşağısındakı 1 nömrəli musiqi məktəbində də təhsil almısınız.

- Siz bunları haradan bilirsiniz? Hər şeyi də bilirsiniz ki! İndi həmin musiqi məktəbi Vaqif Mustafazadənin adınadır.

Əvvəlcə elə bilir ki, mən də həmin musiqi məktəbində təhsil almışam. Sadəcə müsahibəyə getməmişdən əvvəl onun haqqında ən xırda detalları belə araşdırmışdım. Hətta anasının Stalinin qarşısında ifa etdiyini belə bilirdim…

- Vaqif Mustafazadə demişkən, qızı Əzizə ilə görüşürsünüz?

- Əzizə Almaniyada yaşayır. Bakıya konsert verməyə gəlir, 2-3 günə gedir. Alınmır çox vaxt. Amma onların İçərişəhərdəki evinə getdim. Vaqifin pianosu oradadır. Ora çoxlu qonaqlar gəlmişdi. Həmin gün Vaqifin ildönümü idi.

- Vaqif Mustafazadə ilə də çox yaxın dost olmusunuz.

- Hə, məni çox sevirdi. O mənə 3 ay dayanmadan dedi ki, Cavan, mən sənin necə caz oxuduğunu eşitmişəm, gəl sən caz oxu, mən də sənin üçün ifa edim. Dedim, Vaqif, sən dünyada nömrə birsən, mən sənin üçün oxumağa utanıram. Onun evindən qaçdım. Özünə də dedim ki, daha gəlməyəcəyəm, nə qutab yeməyə, nə söhbət etməyə. Mən ona qulaq asmağa gedirdim. Heç o məni oxuyanda görməmişdi də.

2 ay keçəndən sonra mənə zəng elədi. Dedi ki, bəs gəlməyəcəksən indi, hara getdi məhəbbət? Daha sənə nə oxu, nə də ifa et deyəcəyəm. Mən də getdim onlara. Yaxşı çay ilə əncir mürəbbəsi var idi. Çox sevirdi onu. Anası Zivər xanım mənə qayıtdı ki, canik, pianoda ifa et də. Dedim, yox, demə bunu, indi Vaqif eşidib yenə deyəcək ki, ifa elə. Sən demə, özü anasına öyrədibmiş ki, mənə belə desin.

Sonra Vaqif əsəbiləşdi. Mənə dedi ki, o biri otağa get, mən də indi gəlirəm. Çox qəribə oldu. Dedim, xahiş edirəm, buraxın məni. Amma yenə də həmin otağa getdim. Elə bildim, Vaqif məni döyəcək.

- Döydü?

- Yox, orada küncdə kontrabas var idi. Vaqif “Söylə yadındamı?”nı ifa etməyə başladı. Mənə də dedi ki, başla! Mən kontrabasın səsini eşidən kimi, pianoda ifa etmək istəyirdim. Oturdum piano qarşısında başladım ifa etməyə. İkimizdə ekstaza düşmüşdük. Zivər xanım dedi ki, bu necə gözəl ifa edir? Nə üçün ifa etmirdin?

Vaqif gəldi mənim barmaqlarıma baxdı. Dedim indi gəlib barmaqlarımı sındıracaq. Dedi ki, məndə belə barmaqlar olsa idi, elə ifa edərdim ki... Onun barmaqları çox balaca idi, mənim barmaqlarımın yarısı qədər.

- Cazdan söz düşmüşkən, ölkəmizdə cazın indiki vəziyyətini necə dəyərləndirirsiniz?

- Caz indi yoxdur, 10-15 il bundan qabaq var idi. Bizdə cazmenlər çox idi. Heç Amerikada indi caz yoxdur, azalıb. Köhnə cazmenlər pandemiyadan sonra öldü. Ümumiyyətlə, musiqi pandemiyadan sonra ayrı tərəfə getdi. İndi 90 faiz adam musiqini nə bilir, nə də sevir. Amma oxuyurlar. İstəyirlər toya, konsertlərə gedib pul qazansınlar. Onu da deyim ki, indi konsertlər azalıb. Yaxşı musiqiçilər də yoxdur indi.

- Bəs İsfar Sarabski necə, müasir cazmenlərdəndir. Bəyənirsinizmi onu?

- Mən onu az görmüşəm. Mənim yaşım ondan çoxdur, onlar cavandırlar. Bilirəm ki, onlar da hiss edir ki, caz yoxdur.

Bu zaman parkdakı göyərçinlər yaşlı cazmenin ayağına tərəf gəlib cəh-cəh vurmağa başlayır. Başını göyərçinlərdən qaldırıb onlar da oxumağı, söhbət etməyi bacarırlar deyir.

Hiss edirəm ki, həmsöhbətimiz artıq yorulub. Qınamırıq, hava isti, özü də naxoş...

- Cavan müəllim, son sualımızı verib söhbətimizi yekunlaşdırmaq istəyirik. Sizin Röya xanımla evliliyinizdən övladınız yoxdur. Amma 2 il bundan əvvəlki müsahibələrinizdə demisiniz ki, Finlandiyada yaşayan 36 yaşlı Nataşa adlı bir qızınız var, amma ondan da imtina etmisiniz. Bakıya gəlib sizinlə görüşmək istəyib, amma siz istəməmisiniz. Hətta Röya xanımın da həmin qızdan xəbəri olmayıb.

- Onu yalandan yazıblar, yalandan deyiblər. Məndən soruşurdular ki, Cavan uşağın yoxdur, necə belə yaşayırsan? Dedim ki, var, sənə nə, sizə nə? Onların suallarından yoruldum deyə, belə dedim. Dedilər görmürük, dedim Moskvadadır. Belə adamlar kültürsüzdürlər, xuliqandırlar.

Bir az əsəbiləşdiyini görüb, söhbəti yumşaltmaq qərarına gəldim.

- Cavan müəllim, biz hamımız sizin övladınızıq da.

Gülür, həqiqətən də xoşuna gəlir. O da mənim sözümü təsdiqləyir.

Sonda ondan kiçik də olsa zümzümə etməyini, hətta pianoda ifa etməsini xahiş etsək də, yorulduğunu, çox danışdığı üçün səsinin batdığını dedi. Haqlı idi, bəlkə də müsahibənin gedişatındakı tək səhvimiz sondaki ricamızı söhbətimizin əvvəlində etməməyimiz olmuşdu...

Mədinə Useynova

Foto-Video: Xəyal Vəlizadə

Mənbə: qafqazinfo.az