Bakı Rusiyanın statusunu dəyişdi – Regionda yeni vəziyyət

Bakı Rusiyanın statusunu dəyişdi –

“Bu gün Cənubi Qafqaz güc balansının geosiyasi rəqabəti tərk edərək iqtisadi inteqrasiyaya doğru dəyişdiyi həyati əhəmiyyətli bir logistika mərkəzinə çevrilir. Bu iqtisadi inteqrasiya sadəcə regionla məhdudlaşmır, həm də beynəlxalq aktorları özündə ehtiva edir. Regionun geosiyasi və iqtisadi perspektivləri genişdir”.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, Azərbaycan bu prosesdə üstün statusdadır:

“Ermənistan ABŞ-ın aktiv vasitəçiliyi ilə bu mərhələdə artıq itirən tərəf olmaq istəmir. Hətta regional layihələrdə indiyədək itirmiş olduğunu dərk edərək maksimum fayda əldə etməyə çalışır.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” Azərbaycanın əsas hissəsini Ermənistan vasitəsilə Naxçıvanla birləşdirir və şübhəsiz ki, özü ilə birlikdə yeni iqtisadi reallıqlar da gətirir. ABŞ bölgəyə nəqliyyat marşrutu ilə inteqrasiya edir, Tramp bunu strateji qələbə kimi dəyərləndirir. Habelə, infrastruktur layihələrinin reallaşdırılmasında beynəlxalq iştirakını ortaya qoyur.

Rusiyanın roluna gəldikdə isə, Bakı ilə İrəvan arasında münasibətlərin birbaşa tənzimlənməsindən sonra Rusiyanın Cənubi Qafqazdakı təsiri artıq siyasi aspektdən çıxaraq bərabərhüquqlu iqtisadi tərəfdaşlığa doğru dəyişir.

Rusiyadan son gələn açıqlamalar ondan ibarətdir ki, sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır, regional əməkdaşlıqda və infrastruktur tikintisində maraqlıdır. Ermənistan-Rusiya, Azərbaycan-Rusiya, ABŞ-Rusiya siyasətinin Cənubi Qafqazda necə proyeksiya olunmasının müəllifi də Azərbaycan lideridir desək, heç də yanılmarıq. Dövlət başçımız görünən və görünməyən səylər sərf edir. Rusiya liderinin açıqlamalarından da hasil olunan nəticə budur.

Ermənistan və Azərbaycan mövcud dəst-xətt üzrə prosesi önə aparmağı bacararlarsa, sülh gündəliyinə sadiq qalınarsa, düşünürəm ki, ölkələr arasında sərhədlərin açılması, ticarətin bərpası, sülh müqaviləsinin imzalanması heç zaman olmadığı qədər sürətlə irəliləyə bilər. Çünki artıq yükdaşımalarla logistika əlaqələri demək olar ki, bərpa olunur, yanacaq və malların birbaşa çatdırılması həyata keçirilir.

sebnem hesenova 900x506 1
Şəbnəm Həsənova

Bu da şübhəsiz ki, iki xalq arasında etimada müsbət təsir edə bilər. İranın mövqeyi, zənnimcə, daha çox faktla qarşı-qarşıya qalmaqdır. Bəlkə də bunu “istəksiz razılıq” kimi də dəyərləndirə bilərik. İranın bu bölgədə digər regionlarda sərgiləmiş olduğu mövqedən fərqli yanaşma ortaya qoymasında Azərbaycanın Tehran və Moskva ilə qurduğu münasibətlər önəmlidir”.

Ekspert deyib ki, bu istiqamətdə də cənab Prezident İlham Əliyevin yürütdüyü diplomatiya öz müsbət nəticələrini verməkdə davam edir:

“Cənubi Qafqazda fundamental proseslər baş verib, hansı ki, geriyədönüş artıq mümkün deyil. Açığı, həm regional aktorlar, həm də regiondan kənar tərəflər aydın görürlər ki, geriyə dönüş heç nə verməyəcək. İrəli baxmaqdan isə hər tərəf xeyir götürə bilər, yetər ki, içi boş narrativlər və hikkələr kənara qoyulsun, bir qədər praqmatizm nümayiş etdirilsin.

Regionumuz artıq böyük siyasətin nüvəsindədir. Siyasi tarixdə də əldə edilmiş arxitekturanın belə tez-tez dəyişdirilməsi adətən olmur. Buna bir deyil, bir neçə il sonra yenidən cəhd edilə bilər. Elə buna görə də, Prezident İlham Əliyev yeganə yolu son dərəcə korrekt müəyyənləşdirib ki, regionumuz nəinki revanşizmdən, hətta istənilən siyasi qarşıdurmadan uzaq tutularaq iqtisadi layihələrin mərkəzinə çevrilsin”.

Turan Rzayev

Mənbə: globalinfo.az