Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrü Ağsaqqallar Şurasına (bələdiyyə məclisinə) mümkün qədər tez bir zamanda növbədənkənar seçkilərin keçirilməsinin vacibliyini bəyan edib.
Bu barədə erməni mətbuatı yazıb.
"Düzünü desəm, Gümrünün rayonlarında gördüklərim mənim üçün gözlənilməz və şokedici oldu. Baş naziri olduğum bir ölkədə həyətlərin bu vəziyyətdə ola biləcəyini xəyal belə edə bilməzdim. Mən artıq bildirmişəm ki, Gümrüdə imkan daxilində ən qısa müddətdə növbədənkənar seçkilər keçirməliyik. Həmin vaxta qədər isə orada təcili tədbirlər görməliyik", – deyə o, keçirdiyi müşavirə zamanı vurğulayıb.
Xatırladaq ki, 2025-ci il oktyabrın 20-də hüquq-mühafizə orqanları Gümrü meriyasında genişmiqyaslı axtarışlar aparıb.
Daha sonra Ermənistanın Antikorrupsiya Komitəsi rüşvətxorluq işi üzrə aparılan təhqiqat çərçivəsində bələdiyyə sədri Vardan Qukasyan da daxil olmaqla, 8 nəfərin saxlanıldığını bəyan etmişdi.
Mənbə: bizim.media