Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti artıq yalnız iqtisadi göstəricilər və ya təbii resurslarla müəyyən olunmur. Ən vacib strateji üstünlüklərdən biri insan kapitalıdır, yəni bilik, bacarıq, liderlik potensialı və məsuliyyət hissinə malik vətəndaşların mövcudluğu. Bu baxımdan dövlətlər üçün əsas çağırış yalnız güclü kadrların mövcudluğu deyil, həm də onların vaxtında aşkar olunması və sistemli şəkildə inkişaf etdirilməsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atır.
Dövlətimiz son illərdə bu sahədə mühüm nəticələr əldə edərək insan kapitalının inkişafını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Bu siyasətin ən diqqətçəkən və sistemli alətlərindən biri isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis olunan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsidir.
“Cənab Prezident İlham Əliyev tərəfindən yaradılmış insan kapitalının inkişafına dəstək verən bir neçə dövlət qurumları və layihələr mövcuddur. Bu layihələrdən biri olan “Yüksəliş” müsabiqəsi yalnız iştirakçıların yarışdığı bir platforma deyil. Bu, ölkədə mövcud olan intellektual və peşəkar potensialın üzə çıxarılması, qiymətləndirilməsi və inkişaf etdirilməsi üçün yaradılmış kompleks mexanizmdir. Müsabiqə çərçivəsində iştirakçılar müxtəlif mərhələlərdən keçərək analitik düşüncə, qərarvermə, liderlik və idarəetmə bacarıqları baxımından qiymətləndirilir”, - Azərbaycanın gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edib.
Bu kontekstdə xüsusilə növbəti mərhələ olan İdarəetmə bacarıqları imtahanı mühüm əhəmiyyət kəsb edir. Bu mərhələ artıq yalnız nəzəri biliklərin deyil, real idarəetmə situasiyalarında qərarvermə qabiliyyətinin, liderlik yanaşmasının və strateji düşüncənin ölçülməsinə imkan yaradır. Dəyişən situasiyalarda düzgün qərar vermək, komandaya istiqamət göstərmək, böhran anlarında soyuqqanlı qalmaq və gələcəyi proqnozlaşdırmaq kimi bacarıqlar məhz bu mərhələdə ön plana çıxır.
İdarəetmə bacarıqları mərhələsinə keçid edən iştirakçıların təhsil göstəriciləri isə müsabiqənin insan kapitalı baxımından əhəmiyyətini daha aydın göstərir. Bu mərhələyə keçid edən 1468 iştirakçı arasında bakalavr təhsilini Azərbaycanda alanların sayı 1338 nəfər, xaricdə təhsil alanların sayı 98 nəfər, həm Azərbaycanda, həm də xaricdə təhsil alanların sayı isə 32 nəfərdir. Magistratura səviyyəsində təhsil alan və ya almış iştirakçıların ümumi sayı 1171 nəfərdir. Onlardan 874 nəfəri magistratura təhsilini Azərbaycanda, 214 nəfəri xaricdə, 83 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə alıb. Doktorantura və aspirantura üzrə isə ümumilikdə 178 iştirakçı qeydə alınıb. Onlardan 135 nəfəri bu təhsil pilləsini Azərbaycanda, 41 nəfəri xaricdə, 2 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib və ya tamamlayıb.
Bu rəqəmlər göstərir ki, “Yüksəliş” müsabiqəsi müxtəlif təhsil təcrübəsinə malik iştirakçıları bir araya gətirən geniş miqyaslı idarəçilik platformasıdır.
Müsabiqənin insan kapitalına töhfəsini göstərən mühüm məqamlardan biri də qaliblərin təhsil və inkişaf tarixçəsidir. Bu günədək müsabiqənin 116 qalibi müəyyən olunub. Onlardan 25 nəfəri “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış şəxslərdir. Bu göstərici dövlətin təhsilə və peşəkar inkişafa yönəlmiş siyasətinin bir-birini tamamlayan nəticələr verdiyini göstərir.
Bununla yanaşı, müsabiqədə müxtəlif dövlət proqramlarının məzunlarının iştirakı da insan kapitalına qoyulan investisiyanın davamlılığını nümayiş etdirir. Bu, əldə olunan bilik və təcrübənin ölkə daxilində yenidən dəyərləndirilməsi və idarəetmə sisteminə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bunlar göstərir ki, “Yüksəliş” müsabiqəsi yalnız bir seçim prosesi deyil, insan kapitalının idarə olunması və inkişaf etdirilməsi üçün strateji platformadır. Burada əsas məqsəd qalibləri müəyyən etməkdən daha genişdir. Məqsəd ölkənin gələcəyində rol oynaya biləcək idarəçilərin aşkar olunması, onların inkişafına dəstək verilməsi və idarəetmə sisteminə inteqrasiyasıdır.
Müasir dövrdə uğurlu dövlətlərin əsas fərqi məhz insan kapitalına sistemli yanaşma, şəffaf seçim mexanizmləri və davamlı inkişaf imkanlarına əsaslanmış yanaşmadır. “Yüksəliş” müsabiqəsi də bu baxımdan Azərbaycanın müasir idarəetmə modelində mühüm yer tutur və gələcək üçün güclü kadr bazasının formalaşdırılmasına xidmət edir.


Mənbə: qafqazinfo.az