Türkiyə Aİ-dən obyektiv münasibət gözləyir - Hakan Fidan

Türkiyə Aİ-dən obyektiv münasibət gözləyir -

Ankara Avropa İttifaqının (Aİ) Türkiyə ilə münasibətləri obyektiv meyarlar əsasında və ayrı-seçkilik yanaşmalarından uzaq şəkildə inkişaf etdirəcəyini gözləyir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və avrokomissarlarla keçirdiyi danışıqlardan sonra bəyan edib.

"Bu gün ölkəmizdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Kaya Kallası, genişlənmə üzrə avrokomissar Marta Kosu və daxili işlər və miqrasiya üzrə avrokomissar Maqnus Brunneru qəbul etdik. Aİ-yə üzvlük ölkəmiz üçün strateji hədəf olaraq qalır. Biz Aİ ilə münasibətlərimizi bu anlayış əsasında inkişaf etdirməyə hazırıq. Eyni zamanda Aİ-dən də Türkiyə ilə əlaqələri obyektiv meyarlar və layiqli töhfələr əsasında, hər hansı bir ayrı-seçkilik olmadan irəliyə aparmasını gözləyirik", — deyə Fidan rəsmi "X" hesabında qeyd edib.

Nazir ümidvar olduğunu bildirib ki, Avropa Komissiyasının üç mühüm üzvünün bu birgə səfəri Türkiyə-Aİ münasibətlərinin arzu olunan səviyyəyə çatdırılması yolunda əhəmiyyətli bir addım olacaq.

Keçirilən görüşlər çərçivəsində tərəflər cari regional və qlobal problemləri, ilk növbədə Yaxın Şərqdəki mövcud vəziyyəti və Rusiya-Ukrayna münaqişəsini dəyərləndiriblər.

Mənbə: bizim.media