Qalibaf ABŞ-ni İslamabad memorandumunu pozmaqda ittiham etdi

Qalibaf ABŞ-ni İslamabad memorandumunu pozmaqda ittiham etdi
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Birləşmiş Ştatları İslamabad Anlaşma Memorandumunun şərtlərini kobud şəkildə pozmaqda günahlandırıb.

Spiker bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, qeydə alınan başlıca qanun pozuntularına İran gəmilərinin Hörmüz boğazından keçidinə maneə törədilməsi, hərbi hücumların bərpası ilə bağlı daimi hədələr, neft sanksiyalarının yenidən qüvvəyə minməsi, eləcə də İsrailin Livana təcavüzünün davam etdirilməsi və İranın cənub ərazilərinə zərbələrin endirilməsi aid edilib.

Qalibaf, həmçinin vurğulayıb ki, hədə-qorxu və təzyiq dövrü artıq arxada qalıb, buna görə də respublikaya qarşı şantaj cəhdləri heç bir fayda verməyəcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazında üç gəmiyə edildiyi iddia olunan hücumlara cavab olaraq İran ərazisinə ardıcıl güclü zərbələr endirib.

Mənbə: oxu.az