Bəhanə müxalifəti...

Bəhanə müxalifəti...

İstənilən ağlı başında olan adamdan sual etsən, cavab bu olar ki, hər bir ölkədə müxalifət olmalıdır. Hətta iqtidardan da soruşsan, söhbət tək bizdən yox, bütün ölkələrdən gedir, deyəcək ki, bəli, müxalifət olmalıdır. Və hətta olması vacibdir. Elə isə, bunun mübahisəsini eləmirik, müxalifət lazımdır!

Digər tərəfdən, o da aşkardır ki, bizim ölkədə bir çox sahələrdə monopoliya götürülsə də, islahatlar olsa da, müxalifət məsələsində gözgörəsi monopoliya davam edir. Adamlar oturduqları yerdən 31 ildə 31 millimetr tərpənməyiblər. Ölkədə bütün sahələr üzrə nazirlər ən azı bir ya iki dəfə dəyişib, di gəl “müxalifət üzrə nazirlər” elə həmindir ki, həmin. Yəni, gəlin bunun da mübahisəsin etməyək ki, bizdə müxalifət monopoliyadadır.

Mən özümü birinci cümlədə işlətdiyim adamlardan sayıram, yəni şükür tanrıya, ağlım başımdadır. Odur ki, kimsə yazdıqlarımı harasa yozmasın, mən özüm müxalifətin olmasının tərəfdarıyam. Onlarla heç bir problemim yoxdur, Allah canlarını sağ eləsin bəsimizdir. Digər tərəfdən, müxalifət lideri Əlibəy Kərimlinin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı dünən verdiyi bir açıqlama yadıma bəzi şeylər salıbdır deyən, istədim iki kəlmə yazıyla siyasətçilər demiş bəzi paralellər aparım.

Ana müxalifətin lideri, Əli Kərimli deyir ki: “Təəssüf ki, gözlədiyimiz kimi oldu. Rejim parlament seçkilərini rəqabətsiz mühitdə, üstəlik də yayın cırhacırında- avqust ayında keçirəcək.” Yəni, qısacası deyib kin, biz bu seçkidə də yoxuq. Deyib ki, hava istidi, biz seçkiyə getməyəcəyik. Deyib yəni yayın cırhacırında seçki-zad olmaz...

Həsən kişi bizim kəndin ən cığal ağsaqqallarından biri idi. İstənilən xeyirdə -şərdə söz-sov yaratmağı, problem çıxarmağı çox yaxşı bacarardı. Sonra da gileyin biri bir qəpikdən deyib-deyib, çıxıb gedərdi. Toydusa, toydan küsərdi, nişandısa, nişandan. Hərçənd ki, yaslardan nə qədər giley eləsə də, küsüb çıxıb getməyi olmurdu, di gəl ki, sifətini sallayıb bir kənarda otururdu, bütün el-oba da bilirdi ki, axşam Rübabə xalanın günü qara olacaq. Çün, bizim Həsən dayı ən çox arvadı Rübabənin qohumlarının xeyir-şərində küsərdi, küsdüsə də, bütün hikkəsini yazıq arvada tökərdi.

Qaynı Saməddin böyük oğluna toy edəndə, dedi nəyi necə edirsiz edin, bircə elə edin Həsən kişi küsməsin, bacım yazıqdır. Həsən kişiyə allı-güllü dəvətnamə göndərildi. Dəvətnamədə yazıldı ki, “Hörmətli Həsən BƏY! Sizi yoldaşınız və bütün övladlarınızla birlikdə oğlumun toyuna dəvət edirəm”. Yəni dəvətdə bütün protokol qaydaları gözlənildi ki, Həsən kişi inciməsin. Bah... Həsən kişi heç toya gəlmədi. Dedi gör siz məni nə qədər uzaq adam bilirsiz ki, dəvətnamə ilə çağırırsız. Nə toy, heç darvazanızdan girmərəm. Üstündən bir neçə il keçdi, Saməddin ikinci oğluna toy elədi. Bütün ev camaatına tapşırdı ki, nə badə Həsən yeznəyə dəvətnamə yazasız. Özü də bir dəfə, iki dəfə Həsən kişiyə dedi ki, sən qıraq adam deyilsən, özümüzünküsən, bəs filan gün toydu, bilirsən. Həsən kişi dinmədi, dinmədi, toy günü yenə vay-növsə qopardı ki, Bütün kəndə dəvətnamə paylandı, məni adam yerinə qoyub bir dəvətnaməni göndərmədiniz. İki dünya bir ola mən bu toya getmərəm. Dediyi kimi də elədi, Rübabə arvadı da qoymadı getməyə. Toya yaxşıca peşmançılıq düşdü. Neçə ağsaqqal, ağbirçək elçiliyndən sonra bir zülümnən Rübabə arvad təzə kəlağayısının bir küncüylə burnunu, bir küncüylə gözünün yaşını silə-silə gəldi çıxdı toya. Əlqərəz...

Həsən kişi qalsın orda, gəlin seçkilərin tarixlərinə nəzər salaq. Son prezident seçkiləri fevralda idi, Əli bəyin təbirincə desək “qışın oğlan çağında”. Bizim müxalifət evdə uzanıb kürəyini verdi istilik batareyasına ki, bəs “bu soyuqda seçki olmaz”. 2008-ci ilin prezident seçkiləri oktyabrın 15-i idi. “ Hava küləkli idi. Bu küləkdə seçki olmaz” deyib , boykot elədilər. 2014 -cü ilin bələdiyyə seçkilər dekabrın 3-də idi. “İlin axırıncı ayı nə seçki?” deyib qatılmadılar. Ardınca 2015-ci ilin 1 noyabrında parlament seçkiləri oldu, yəqin fikirləşdilər ki, NO-yabr ayında seçkiyə gedən xeyir tapmaz, getmədilər seçkiyə. 26 sentyabr 2016-cı ildəki konstitusiyaya dəyişiklik refendumuna da gəlmədilər. Həmin gün rütubət yüksək imiş, maqnit qasırğası gözlənilirmiş. Baxma da ağsaqqal adamlardı, təzyiqlisi var, şəkəri var. Hə, 11 aprel 2018-ci ilin növbədənkənar prezident seçkilərində də, Əli bəyin müxalifəti yox idi. Ağaclar təzə çiçəkləyən, qaranquşlar vətənə dönən, çəmənlər yaşıllanan vaxt seçkimi olar?

Nə isə ki, qaynı oğlunun toyuna getməməkçün bəhanə tapan Həsən kişinin misalı bir müxalifətimiz var. Yayda isti olur, qışda soyuq, payızda yağış, yazda da külək. Ölkəni sanki kimsə qarğıyıb, deyib ki, “heç müxalifətin seçki görməsin”. Bəlkə də kimsə cadu eliyib. Ya da elətdirib. Məsələn İranda belə siyasi cadular edən çox güclü mollalar var. Elə xristianların cadusu da pis tutmur. Bəlkə də şimaldan bağlıyıblar bizim müxalifətin əl-ayağını? Nə bilim vallah.

Bilirəm Həsən kişidən nigaransız, qoy deyim axırda nə oldu. Yenə bir qohum toyunda şərə-şur qatıb, pərtlik çıxaranda gözü qızmış cavanlardan biri istəyir Həsən kişiyə bir şillə vura. Yerbəyerdən tökülüşüb tuturlar ki, “Ay uşax, əlinə sahib çıx, ağsaqqal adamdı, neylədiyindi?” Deyir, o gənc çönüb başını bulaya- bulaya gedəndə ucadan deyib ki, “Ağsaqqqal olmaya tutub bunun...” Bu sözü də Həsən kişinin oğlu eşidib. O oldu, bu oldu, oğlu qoymadı Həsən kişi evdən çölə çıxa. Dedi sənin gedəcəyin ən uzaq məntəqə həyət darvazasının içəri üzüdür. Otur yerində, ta bəsdir bizi biyabır elədin.” Beləcə kəndin canı Həsən kişidən bir yolluq qurtardı.

Çingiz Özgür

Mənbə: qafqazinfo.az