2 ay əvvəl 2 şirkət yaratdı, 64 minlik tenderi uddu - Yeni MMC-lər kimindir?

Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı tərəfindən keçirilən 2 tender müsabiqəsinin (Kotirovka sorğuları) qalibləri "Regıon-LD.2022” MMC (VÖEN-1805932851) və "Bugat-N.P” MMC (VÖEN - 1805932981) olub. 

"Regıon-LD.2022” MMC Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatına 39 min 451 manat dəyərində nəqliyyat vasitələri üçün ehtiyat hissələri, "Bugat-N.P” MMC isə 24 min 871 manat 40 qəpik dəyərində sanitariya-gigiyena malları satacaq.

Məlumat üçün bildirək ki, hər 2 tender müsabiqəsi 16.09.2022-ci il tarixində elan olunub. Qalib gələn hər 2 şirkət cəmi 2 ay əvvəl eyni gündə  - 22.07.2022-ci il tarixində dövlət qeydiyyatına alınıblar.

Maraqlıdır ki, hər 2 şirkət eyni ünvanda (Sabunçu rayonu, Bakıxanov ŞTQ, Muxtar Fətəliyev pr., ev 35, m. 17), eyni nizamnamə kapitalı ilə (20 manat) dövlət qeydiyyatına alınıblar. Hər 2 MMC-nin qanuni təmsilçisi də eyni şəxs - Piriyev Nurbala Ali oğlu olub.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

 

Bizimxeber.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Luqansk vilayətinin bəzi məntəqələrini azad edib

SONRAKI XƏBƏR

"Brent" markalı neftin qiyməti 93 dolları ötdü