Anar Kərimovun sərəncamı ilə tutduğu postdan azad edilən xanım MƏMUR

Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mönsümovanın işdən azad edilməsi barədə məlumatlar yerli mətbuatda dərc edilmişdi. Nazir Anar Kərimovun müvafiq sərəncamı ilə tutduğu postdan azad edilən xanım məmur haqqında redaksiyamıza gələn məlumatlar sözün əsl mənasında tükürpədicidir desək yanılmarıq. Belə ki, adının hələ ki, açıqlanmasını istəməyən mənbə eks rəisin vəziyyətinin o qədər də ürəkaçan olmadığını bildirir.

Miq.az saytına daxil olan məlumatda iddia edilir ki, Vəsilə Mönsümovanın Bərdədəki əməlləri nazirliyin Daxili Nəzarət İdarəsi tərəfindən araşdırılır. Xanım məmurun vəzifə səlahiyyətlərindən sui-istifadə əməllərində rüşvət və korrupsiya faktlarının ortaya çıxdığı aşkar edilib. Belə ki, o, nazirliyin xəbəri olmadan, idarənin daxili əmri ilə Bərdə, Yevlax və Mingəçevir şəhərlərində yerləşən uşaq musiqi məktəblərinə rüşvət almaqla 5 yeni direktor təyinatı ilə bağlı iddialar var. Üstəlik müxtəlif vaxtlarda idarənin tabeliyində olan kənd klub və kitabxanalarda çalışan 20 nəfərdən çox işçidən müəyyən tədbirlərin təşkil edilməsinə görə 200-300 manat arası pul toplaması ilə yanaşı, daxili əmrlə təyin etdiyi direktor və direktor müavinlərindən nazirlikdən onların əmrinin təstiqlənməsi adı ilə hər birindən 20.000 manata qədər rüşvət alması iddia olunur.

Əməlləri bununla bitməyən xanım məmur üstəlik rəhbərlik etdiyi idarənin tabeliyində olan müxtəlif müəssisələrdə yerdəyişmələr etməsi də gələn məlumatlar sırasındadır. Mənbə qeyd edir ki, Bərdə rayonu ərazisində yerləşən kənd mədəniyyət evlərinin əməkdaşlarını pul almaq qarşılığında yerdəyişmələri edib.

Həmçinin bildirilir ki, təyinatlarının təstiq edilməsi üçün pul tələb edilən şəxslər Vəsilə Mönsümovaya dəfələrlə zəng etsələr də, o, telefonları gah cavabsız qoyur, gah da yenidən vəzifə başına qayıdacağını bildirib insanlara müxtəlif vaxtlara boş vədlər verir.

Görülən reallıq isə tam fərqlidir. Maraqlıdır, görəsən, nazirin əmri ilə vəzifədən kənarlaşdırılan şəxs yenidən necə həmin vəzifəyə təyin edilə bilər?

Qeyd olunur ki, Vəsilə Mönsümova törətdiyi bu əməlləri pərdələmək üçün əvvəllər şəhid ailəsi üzvləri və qazilərlə görüşlər keçirərək özünü cəmiyyətə vətənpərvər insan kimi təqdim edib. Hansı ki, onun bu əməllərinin də üstü açılıb. Qadın idarənin önündə bir neçə dəfə şəhid ailəsi üzvlərinin narazılıqları ilə üzbəüz qalıb.

Barəsində nazirliyin araşdırılması aparılan idarə rəisinin bu və digər qanunsuz əməlləri yaxın günlərdə istintaqa təhvil veriləcəyi bildirilir.

Sözügedən mövzu ilə bağlı araşdırmamız davam edir.

Qeyd: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Miq.az

ƏVVƏLKİ XƏBƏR

Fənərbaxça Çağları istəyir

SONRAKI XƏBƏR

II Elizabetin ölümünə nə səbəb olub?