Türkiyədə inflyasiya son 18 ayda ilk dəfə azalıb

 

Bakı, 5 dekabr, AZƏRTAC

Noyabr ayında Türkiyədə istehlak qiymətlərinin artım tempi son ilyarımda ilk dəfə olaraq 85 faizdən aşağı düşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Statistika İnstitutunun (Turkstat) məlumatına görə, ötən ay qiymətlər (CPI indeksi) illik ifadədə 84,4 faiz bahalaşıb. Oktyabr ayında isə inflyasiya 85,5 faiz təşkil edib. Halbuki analitiklər inflyasiyanın orta hesabla 84,65 faiz olacağını gözləyirdi.

Türkiyədə 3,5 faizlik inflyasiyanın qeydə alındığı oktyabr ayı ilə müqayisədə istehlak qiymətlərində 2,9 faiz bahalaşma qeydə alınıb. Bununla yanaşı, noyabrda istehsal qiymətlərində müşahidə olunan artım tempi (PPI indeksi) bir ay öncəki 157,7 faizlik göstərici ilə müqayisədə 136 faizə enib. Aylıq göstərici isə bir ay əvvəlki 7,8 faizlik sıçrayışdan sonra yalnız 0,7 faiz artıb.

Noyabr ayının sonunda Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 1,5 faiz azaldaraq 9 faizə endirib. Bazar ertəsi günü keçirilən valyuta hərracının gedişində türk lirəsinin məzənnəsi 1 dollar üçün 18,64 lirəyə bərabər olub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ İranı hədələdi

SONRAKI XƏBƏR

Dünyanın tanınmış şərqşünasları Bakıda bir araya gələcəklər