Lavrov “status”a görə İrəvanı suçladı: Kreml korrekt edir?

Lavrovun Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyində müəyyən korrektlər etdiyi təsəvvürünü formalaşdırır:

- Praqa sənədi (BMT Nizamnaməsi və Almatı bəyannaməsinə istinad) Qarabağın statusuna necə yanaşılacağına qərar verir, yəni Almatı bəyannaməsinə əsasən “Dağlıq Qarabağ Muxtar Vilayəti” birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi və buna Bakı qərar verəcək;

- Bakı Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqları verməyə hazırdır.

Rusiyanın baş diplomatı bununla mesaj verir ki, “Qarabağın statusu”nun olmamasına görə günahkar Ermənistan hakimiyyətidir və Lavrovun “Ermənistan rəhbərliyi son vaxtlar Qarabağın statusundan yox, Qarabağdakı erməni əhalinin hüquqlarının təmin edilməsindən bəhs edir” sözləri də bu fikri erməni cəmiyyətinə çatdırmağa hesablanıb.

Hərçənd, regional siyasətdə “Qarabağın statusunu” əsas rıçaqlardan biri kimi görən Rusiyanın mövqeyində müəyyən korrekt etməsi və Qarabağdakı ermənilərlə bağlı Bakının gündəliyinə yaxın çıxış etməsi diqqət çəkir:

Birincisi, sülh sazişi üzərində təşəbbüsü götürməyə çalışan Rusiya Qərbin (ABŞ-ın) Bakıya Qarabağla bağlı təklif etdiyi daha məqbul varianta yaxınlaşmaqla irəliyə çıxmaq istəyir;

İkincisi, Rusiya Ermənistanın Qarabağ üzərindən oynadığı oyunu qəbul etmir.

İrəvan sülh müqaviləsini imzalamaq, “Qarabağın statusu”nu Rusiyanın üzərinə qoymaqla həm Bakı və Moskvanı üz-üzə qoymaq, həm də məsuliyyəti ruslara yükləmək niyyətindədir. Moskva bundan imtina edir və Ermənistan hakimiyyətini günahlandırıb, Azərbaycanın gündəliyinə yaxın mövqe sərgiləməklə sülh sazişi ətrafında balansı xeyrinə dəyişməyə çalışır.

Lakin rusların “Vardanyan planı” rəfə qaldırılmayıb və bəllidir ki, Bakının Qarabağdakı erməni əhalisi ilə təmaslarında bu kartı istifadə etməyə çalışacaqlar.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə 23 yaşlı gənc oğlan özünə bıçaqla xəsarət yetirdi

SONRAKI XƏBƏR

Haluk Levent konserti zamanı üşüdüyü üçün yaxınlıqdakı kafeyə girdi - VİDEO