Azərbaycan və Türkiyə sərhəddə “od ələyirlər”: İrana adekvat CAVAB - RƏY + FOTO

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin birgə təlimi keçirilir. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Təlimdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Oxu.Az-a deyib ki, birgə təlimlər Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.

“Əsas məqsəd, NATO standartlarına uyğun olan təlimlərdə Azərbaycanın iştirak etməsidir. Müasir silahlardan istifadə bacarığının təkmilləşdirilməsi də təlimin məqsədlərindən biridir”, - deyə Arzu Nağıyev bildirib.

Deputatın sözlərinə görə, təlimlərə Ordunun müxtəlif qoşun növlərinin cəlb olunması həm müdafiə, həm də hücum xarakterli məqamları özündə ehtiva edir.

Deputat birgə təlimlə İrana verilən mesajdan da söz açıb.

“Əsas məqam bundan ibarətdir ki, İran Azərbaycan sərhədində təlimlər keçirəndə Azərbaycan da adekvat cavab məqsədilə təlim keçirdi. Bu gün qış mövsümünə uyğun olaraq həm dağ, həm də səhra şəraitində Azərbaycan-Türkiyə birgə təlimləri də müvafiq plan üzrə gedir”, - deyə Arzu Nağıyev əlavə edib.

Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib:

“Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, Türkiyə ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada Türkiyə ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.

Millət vəkili qeyd edib ki, birgə təlimlər kimdənsə çəkinmək və ya qorxmaq məqsədi güdmür.

“Azərbaycan ordusu dünyanın reytinq cədvəllərində layiqli yerə sahiblənib. Azərbaycan dövlətə və dövlətçiliyə qarşı təhdidlərə qarşı daim öz hərbi sistemini təkmilləşdirir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanla Türkiyənin birgə hərbi tədbirlərinin əsas məramı Silahlı Qüvvələrimizin Türkiyə standartına keçidi və milli kadr potensialının təkmilləşdirilməsinə xidmət edir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Qarabağ” dünya rekordçularına çatıb

SONRAKI XƏBƏR

Volodimir Zelenski: "Rusiya ilə sülh danışıqları olmayacaq”