Düşmən bizimlə peşəkarcasına savaşır!

İranın Azərbaycana münasibəti hər zaman düşməncə olub və bunu hər vasitə ilə ifadə etməyə çalışmışıq. Amma həmişə dövlətimiz İran siyasətində ciddi “ehkamlara” riayət edib, həmişə İranın nazı ilə oynayıb.

Güneyin milli fəalları, tanınmış simaları Azərbaycana pənah gətirib, Azərbaycan hakimiyyəti isə İranın etirazları, ciddi iradları, bəzən də diplomatiyanı aşan hədələri qarşısında geri çəkilməyə məcbur olub, onları ölkədən deport edib – doğrudur, İrana qaytarmayıb, Avropaya yola salıb, ancaq hər bir halda mühacir siyasiləri “yoxa” çıxarıb: onlara media qadağası tətbiq edilib, açıqlamaları, müsahibələri yayılmayıb.

Hətta 2000-ci illərin əvvəllərində Azərbaycandan çıxarılan Araz Elsəsin Bakıda normal bir mərkəzdə konsertinə belə imkan verilməyib – uzun-uzadı müzakirələrdən sonra DAK hansısa şadlıq evini icarəyə götürməyə və orada sanki toy-düyün keçirirmiş kimi, konserti təşkil etməyə məcbur olmuşdu.

Yazıq Yaqub Zurufçu, efir qadağası qoymuşdular, normal verilişlərə dəvət etmirdilər.

Əhməd Obalının Günaz TV-sinin Bakı ofisi əvvəlcə şəhərin mərkəzindən çıxarıldı, bir müddətdən sonra ümumiyyətlə balaca, yarımleqal otağa sıxışdırıldı. Halbuki “Səhər” kanalına cavab olaraq heç nə etmək lazım deyildi, sadəcə Əhməd Obalının kanalının normal fəaliyyətinə, heç olmasa, kabel yayımına imkan vermək olardı...

Mahmudəli Çöhrəqanlını da ölkədən biz çıxartmışıq, o da küsüb-gedib - o qədər ki, Bozqurddan daha çox, dəli kimi ulaya-ulaya Azərbaycanın əleyhinə çox ağır ifadələr işlətməkdən belə çəkinmirdi.

Hətta İran dəniz sərhəd dayağımızı çıxarıb tullayanda, Cəlilabada qədər qırıcılarını göndərəndə belə Tehran əleyhinə ən sərt yazıların qarşısı müxtəlif üsullarla alınıb – birini hədələyiblər, digərinə “milli təhlükəsizlik” xəbərdarlığı ediblər, bir qeyrisinə türmə qapısını göstəriblər.

İndi, şükür Allaha, hər şeyin öz adıyla çağırılması zamanı yetişib: Araz Elsəs, Yaqub Zurufçu efirə qayıdıb (vaxtilə çəkdirdikləri klip-mahnılardan söhbət gedir), Mahmudəli Çöhrəqanlı müsahibələrə cəlb edilir, Əhməd Obalı isə Azərbaycana çağırılır – hətta Xudafərin körpüsü başında masa açılır, çay qonaqlığı verilir. Deyəsən, bu lütf Prezidentimizdən sonra Əhməd Obalıya göstərildi.

Olsun, gözəldir!

Şükür, artıq ən yüksək tribunlardan, dövlət kanallarından İranın eləsinə də, beləsinə də döşəmək imkanı yaranıb. Ancaq bu məsələdə qadağadan qurtulanların ağına-bozuna baxmadan, sistemsiz, guya “dövlət təbliğatı” aparması bütün sərhədləri aşır, “piar” da yalnız və yalnız əleyhimizə işləyir.

Əhməd Obalıya Xudafərində çay qonaqlığındansa, Günaz TV-nin Bakı bürosuna normal ofis vermək gərəkdir. Daha doğrusu, ofislərini onsuz da özləri tutacaqlar, sadəcə, mane olmamaq lazımdır.

Araz Elsəsdən üzr istəyib, Bakıda konsertinə yaşıl işıq yandırmaq gərəkdir – təşkil etməyin, sadəcə, mane olmayın, imkan verin, adamlar Heydər Əliyev Sarayının pulunu ödəyib, Araz Elsəsi gətirə bilsinlər.

Mahmudəli Çöhrəqanlını tələsik efirə buraxmayın – qoyun, əsəbindən dediyi sözlərini geri götürsün, reabilitasiyadan keçsin, sonra nəsə düşünərik. Yoxsa siz efirə buraxırsınız, İran da onun “dünən” əleyhimizə etdiyi çıxışları yayır. Mahmudəli Çöhrəqanlının “umuduna” qaldığımızı elə qəşəng başımıza çırpıb, təbliğat aparır ki!

Mahmudəli Çöhrəqanlı efir üçün tezdir – yəni bunu anlamırsınız?

Efirə daşıdıqlarınızın bəzilərinin İran kəşfiyyatına işlədiyi haqda ciddi ittihamlar mövcuddur.

Bir toxtayın, strategiya qurun, düşünün, sonra hərəkət edin! Qulağı kəsib, sonra sayırsınız; qaş qayıran yerdə çıxartdığınız gözlərlə hara gedirsiniz?

İranın əleyhinə total bir kampaniya aparanlar unudurlar ki, bu ölkə əhalisinin yarısı azərbaycanlıdır, türkdür... İrana barmaq silkələyənlər qardaşlarımızın xətrinə dəyə biləcəklərini ağıllarının ucundan belə keçirmirlər – düşünmürlər axı, ona görə! “Ağılın ucuna” o vaxt nəsə gələr ki, düşünəsən!

“Təbliğatçılar” artıq türk adını da istismar edir – başlayıblar, “İranın əsl simasını ifadə etməyimizin damarında əsl türk qanı axan hər kəsin ürəyindən xəbər verməyə başladığı” haqda ifadələrə. İTV-nin bəlli süjetindən söhbət gedir və buna Azərbaycanda yaşayan digər xalqların reaksiyasını da adekvat hesab edirəm.

“Türk” ifadəsi – qayət normaldır, millətin adıdır, işlənməlidir; Turan birliyi, türk qardaşlığı da öz yerində. Ancaq “damarında əsl türk qanı” ifadəsini hardan qovzayıb ortaya çıxarıblar? Bu qədər savadsızlıq olar?

6-cı palataya düşmüşük!

Əvvəla, akademik Marr deyirdi ki, dünyada hətta “ən təmiz qanlı” sayılan millətlərin belə qanı ən azı 5 dəfə dəyişib və bu, artıq sübut edilib. Yəni “damarında əsl türk qanı axan” ifadəsi nə leksik, nə məcazi, nə müstəqim mənasında bir zibilə yaramır.

Milli kimlik – şəxsin özünü hansı millətdən hiss etməsi ilə ölçülür – bu da məşhur elmi qənaətdir, mənim sözüm deyil. Yəni birisinin türklərlə bağlı olaylara “qanı qaynayırsa”, özünü türk hesab edirsə - türkdür demək.

Yeri gəlmişkən, türk millətçiliyinin “babaları” sırasında dayananların milli kimlik baxımından “əsl qanlı türk” olmadığı da hər kəsə bəlli. Məsələn, Ziya Göyalp... Adam “Türkçülüyün əsasları”nı yazıb, amma “damarında əsl türk qanı”-zadı axıb eləmir – qarışıqdır. Bu “qarışıq qanlı” özünü türk, türkiyəli hesab edib – vəssalam, bitdi məsələ!

Atatürkə baxın! Adam demir “Nə mutlu damarında türk qanı axana”, deyir, “Nə mutlu türküm deyənə”.

Anlada bildimmi?

Gələk, “əsl türk qanı” ifadəsinin digər fəsadlarına.

Necə düşünürsünüz, mənim qanımda türk qanı axır deyə, İranın iç üzünün açılmasından çox mutluyam, amma mənimlə çiyin-çiyinə Qarabağın azad olunması uğrunda döyüşən kürd, talış, ləzgi, avar, tat, lap elə rus, yəhudi qardaşlarımın vecinə deyil? Yoxsa İran ordusu Xudafərin yaxınlığında erməniləri xilas etmək üçün qarşısını bir sutka kəsdiyi Ordumuzun əsgərləri ancaq və ancaq Azərbaycan türklərindən ibarət idi? Yoxsa Zəngəzur dəhlizinin açılması yalnız “əsl türk qanı daşıyan” azərbaycanlıların marağındadır, bu ölkədə yaşayan qardaşlarımızın vecinə deyil?

Siz kimsiniz ki, mənimlə birgə Vətənin işğaldan azad olunması üçün qanını tökən qardaşlarımın qəlbinə dəyirsiniz? Niyə İran təbliğatçılarına bizə qarşı ağıllı və bölücü təbliğat aparmaq üçün fürsətlər verirsiniz? Sizi efirə hansı ağılla, kimlər buraxır?

Bu, qeyri-peşəkarlıqdır, dövlətin strategiyasına, milli birliyimizə zərbədir, düşmənə fürsət tanımaqdır, içimizə bölücülük salmaqdır. Siz ümumiyyətlə, təbliğatın nə olduğunu dərk edirsinizmi?

Baxın “Səhər” kanalına, ordan öyrənin, görün təbliğatı necə aparırlar: ustacasına, xalqın xətrinə dəymədən, xalqın inanclarından sui-istifadə edərək... Öyrənin görün, düşmən sizinlə necə peşəkarcasına savaşır, hətta Azərbaycan xalqını öz tərəfinə çəkmə, hakimiyyəti xalqdan ayırmaq üçün nələrdən istifadə edir.

Halbuki məhz İranda xalqla hakimiyyət arasında böyük uçurum var; halbuki İranda xalq molla hakimiyyətindən narazıdır; halbuki İranda indi baş verənlərin milli kimliyə heç bir aidiyyəti yoxdur.

İranda azadlıq mübarizəsi gedir – nəinki azərbaycanlılar, qaşqaylar, kürdlər, elə farsların özü də molla hakimiyyətinə qarşıdır.

Ancaq bizim “ağıllılar” İranda pozulan insan haqlarını, din pərdəsi altında əhaliyə edilən zülmləri, təhsil hüququnu, yaşamaq hüququnu bir kənara qoyub, yapışıblar “damardan”...

Ağzına gələni deməklə bu təbliğat olmaz: biri burda qardaşlarımızı, digəri İranda 40 milyonluq azərbaycanlını, qaşqayı, türkməni, elə mollalardan narazı kürdü, farsı küsdürməklə məşğuldur. Sanki qəsddir: molla rejiminin ömrünü uzatmaq üçün İrandakı narazı farsları, kürdləri hakimiyyətin qucağına itələyirik.

Belə rüsvayçılıq olmaz ki!

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın azarkeşi pirotexniki vasitəyə görə həbs edildi

SONRAKI XƏBƏR

"Best Model of Azerbaijan 2022"də SKANDAL: İŞTİRAKÇILAR ZALI TƏRK EDİB? - AÇIQLAMA - FOTO/VİDEO