“Din planetimizdə milyardlarla insana ümid verir” - Sevinc Fətəliyeva

Sevinc Fətəliyevanın 29 yanvar tarixində AŞPAda “ İş yerində din və inanc azadlığının qorunması” mövzusunda keçirilən müzakirələrdə çıxış edib.

"Qafqazinfo"nun məlumatına görə, o, çıxışında bildirib ki, din, inanc forması olaraq, planetimizdə milyardlarla insana ümid verir və mənəvi rahatlıq gətirir:

"Lakin, bəşəriyyət dinin bir çox insanların, bəzən də xalqların etiqad hüququnu pozan ixtilaf, münaqişə və müharibələrin mənbəyinə çevrildiyi bir çox hadisələrə şahid olub. Yer üzündə dini etiqad hüququ uğrunda gedən bu mübarizə əsrlər boyunca davam edir.

Azərbaycan Qərb və Şərqin müxtəlif sivilizasiyalarının qovuşduğu yerdə yerləşir və ölkəmizdə tarix boyu tolerantlıq və multikulturalizm ənənələri formalaşır.

Zəngin tariximizin ayrı-ayrı dövrlərində ölkəmiz bir çox mədəniyyətlərin və dini konfessiyaların nümayəndələrinin doğma evinə çevrilib, tolerantlıq və dini dözümlülük inkişaf edib. Buna görə də təəccüblü deyil ki, dini-mənəvi irsə hörmət, müxtəlif mənəvi ənənələrin daşıyıcıları arasında dialoqun təşviqi Azərbaycanda hər zaman lazımi səviyyədə olub, həmçinin ümumbəşəri və milli dəyərlərə xüsusi əhəmiyyət verilib. Bu gün dini və milli dözümlülük dövlət səviyyəsində təbliğ olunur, ölkənin etnik və dini müxtəlifliyi isə qürurumuzun mənbəyi olan milli sərvət olaraq qiymətləndirilir.

İndiki mərhələdə Azərbaycanın dövlət-din münasibətlərindəki uğuru əsasən ölkə rəhbərliyinin din sahəsində seçdiyi düzgün siyasətin nəticəsidir. Xüsusi diqqət və qayğı sayəsində qısa müstəqillik dövründə bu sahədə münasibətlərin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi istiqamətində böyük işlər görülüb, din azadlığı məsələsində mütləq sabitlik əldə edilib, dini məzhəblər arasında tolerantlıq mühiti qorunmuş və inkişaf etdirilmiş, dini icmaların və ibadət yerlərinin fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Əminliklə deyə bilərik ki, dövlət-din münasibətlərinin Azərbaycan modeli, zamanın tələbinə uyğun hazırlanıb və bir çox ölkələrdə nümunəvi model kimi qəbul edilən bir səviyyəyə gətirilib.

Əgər son vaxtlara qədər ölkəmiz dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun iştirakçısı idisə, indi Azərbaycan beynəlxalq təhlükəsizliyi olduqca ciddi təhdid edən dini zəmində qarşıdurmaların qarşısının alınması məsələsində hərəkətverici qüvvəyə çevrilib.

2016-cı il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edildi. Bu addımlar dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlaşma, əməkdaşlıq və dialoq təşviq edən xoş niyyət çağırışı oldu. Bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə yüksək səviyyəli beynəlxalq konfranslar təşkil edildi. Bununla yanaşı QMİ nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi yaradıldı. Artıq Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üzrə nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən Ümumdünya Dini Liderlər Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib.

Azərbaycan dünyada analoqu olmayan unikal Bakı Multikulturalizm Mərkəzinin yaradıldığı yeganə ölkədir. 2008-ci ildə səmərəli mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun yaradılması məqsədi ilə ölkəmizdə Bakı Prosesinə başlandı. Belə bir qlobal prosesin irəli sürülməsinin əsasında dini icmaların, etnik qrupların müxtəlifliyi, habelə ölkə ərazisində tarixən inkişaf etmiş mədəni müxtəliflik amili dayanır. 2019-cu ildə Bakıda dayanıqlı sülhün və hərtərəfli inkişafın əsaslarına xidmət edən müxtəliflik, dialoq və qarşılıqlı anlayışı dəstəkləyən konkret tədbirlərin qəbulu naminə bütün dünyada insanlar, ölkələr və təşkilatlara imkan yaradan və stimul verən beynəlxalq məkan olmaq üçün çağırılmış Mədəniyyətlərarası Dialoq üzrə V Forum keçirildi.

Müasir Azərbaycan dini dəyərlərə dərin hörmətlə yanaşıldığı, dini abidələrin, o cümlədən məscidlər, xristian və yəhudi dini məbədlərinin dövlət səviyyəsində qayğı və himayə ilə əhatə olunduğu nümunəvi bir ölkədir. Azərbaycan bu gün də müxtəlif mədəniyyətlər arasındakı mənəvi körpü kimi tarixi rolunu ləyaqətlə davam etdirir. Din-dövlət münasibətlərinin yüksək səviyyədə olması bütün uğurlarımıza töhfə verən məqamlardan biridir.

Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. Buna baxmayaraq dövlət dinlər arasında heç bir ayrıseçkiliyə yol vermir. Dövlət-din münasibətləri sahəsində digər bir uğur dövlətin bütün dini icmalara lazımi kömək, o cümlədən maddi yardım göstərməsidir. Son vaxtlar Bakıda və bölgələrdə çoxsaylı kilsə və məbədlər, yəhudi sinaqoqları əsaslı təmir edilib.

Ölkəmizin tolerantlığını Avropa Şurasının üzvü olmaqla yanaşı, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olması faktı da təsdiqləyir. Avropa Oyunlarından sonra Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi simvolik olaraq bir daha nümayiş etdirir ki, Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoq mərkəzinə çevrilib. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində uğurlu milli təcrübə əsasında, məzhəb fərqliliyini rədd edərək, İslam ölkələrində gənclər arasında ədalətli rəqabət dəyərlərini təbliğ edərək, radikal dini ideologiyaların təcrid olunmasına öz töhfəsini verir. Bu həm də artan islamofobiya tendensiyalarına təsirli bir cavabdır.

Əzəli Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, etnik təmizləmə və milli zəmində bir milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, dövlət tərəfindən qorunan erməni kilsəsi hələ də Bakının mərkəzində dayanır, bu da qonşularımızdan fərqli olaraq xalqımızın dözümlülüyünün və tolerantlığının əvəzsiz sübutudur.

2019-cu ilin noyabr ayında Bakıda keçirilən Dünya Dini Liderlərinin II Zirvəsinin açılışında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, dini ayrıseçkiliyin, dindən siyasi məqsədlər üçün istifadə edilməsinin, münaqişələrə dini don geyindirilməsinin, münaqişələr zamanı tarixi və dini abidələrin məhv edilməsinin qarşısının alınması, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparılması və ənənəvi dəyərlərin təbliği əsas məsələlərdəndir. Bu sözlər müasir Azərbaycanın bütün dini konfessiyaların nümayəndələrinin tam əmin-amanlıq və mütləq harmoniya şəraitində yaşadıqları və təhlükəsizliyinin dövlət tərəfindən təmin olunduğu dünyəvi bir dövlət olmasının bariz nümunəsidir".

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

İordaniyanın səfiri BDU-da olub (FOTO)

SONRAKI XƏBƏR

Nazirlər Kabineti mikro, kiçik və orta sahibkarlığa göstərilən dövlət xidmətlərinin qiymətlənidirilməsi qaydasının izahını verib