“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalı çap olunub

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalı çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan ədəbiyyatşünaslığı" elmi jurnalının 2020-ci ildə birinci sayı nəşr olunub. Bu jurnal 1946-2019-cu illərdə "Ədəbiyyat məcmuəsi" adı ilə çap olunub. 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

"Azərbaycan ədəbiyyatşünaslığı" elmi jurnalının baş redaktoru AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnal akademik İsa Həbibbəylinin "Möhtəşəm azərbaycançılıq hadisəsi" məqaləsi ilə açılır.

Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru Töhfə Talıbovadır.

"Elm və təhsil" nəşriyyatında çap olunan jurnalın bu sayı "Azərbaycan ədəbiyyatı", "Mətbuat tarixi", "Folklorşünaslıq", "Resenziya", "Yubileylər" və "Xronika-2020" rubrikalarından ibarətdir.

"Azərbaycan ədəbiyyatşünaslığı" jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa, Monqolustanın alimləri daxildir.

Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Mənbə: olaylar.az