Günəş şüaları zob xəstələri üçün təhlükəlidirmi? - Diaqnoz Tibb Mərkəzinin endokrinoloqundan AÇIQLAMA

Günəş şüaları zob xəstələri üçün təhlükəlidirmi? -

Yay aylarında günəş şüalarına məruz qalmaqla bağlı ən çox verilən suallardan biri də qalxanabənzər vəzi xəstəlikləri olan insanların günəş altında nə qədər qala bilməsidir. Xüsusilə “zob” diaqnozu olan şəxslər arasında günəş vannası qəbul etməyin xəstəliyə təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Günəş şüaları zob xəstələrinə necə təsir edir? Hipertireoz zamanı günəş altında qalmaq təhlükəlidirmi? Bəs qalxanabənzər vəzinin fəaliyyəti zəifləyən xəstələr necə davranmalıdır?

Bu və digər suallara Diaqnoz Tibb Mərkəzinin Endokrinoloq-Dietoloqu, tibb üzrə fəlsəfə doktoru Reyhan Mustafayeva aydınlıq gətirib.

Mütəxəssis bildirir ki, xalq arasında “zob” adlandırılan qalxanabənzər vəzi xəstəlikləri eyni xarakter daşımır. Bu xəstəliklər zamanı qalxanabənzər vəzinin fəaliyyəti arta, yaxud azala bilər və günəşə məruz qalma ilə bağlı tövsiyələr də məhz xəstəliyin növündən və insanın ümumi vəziyyətindən asılıdır.

Hipertireoz zamanı diqqətli olmaq lazımdır

Qalxanabənzər vəzinin həddindən artıq hormon ifraz etməsi hipertireoz və ya tireotoksikoz adlanır. Bu zaman ürəkdöyünmə, tərləmə, əsəbilik, əllərdə titrəmə, istiliyə dözümsüzlük və səbəbsiz çəki itkisi kimi əlamətlər müşahidə oluna bilər.

Belə xəstələr üçün xüsusilə isti havalarda uzun müddət günəş altında qalmaq və günəş vannası qəbul etmək məsləhət görülmür. Çünki yüksək temperatur və istilik yükü ürəkdöyünmə, tərləmə və halsızlıq kimi şikayətləri daha da artıra bilər.

Bu səbəbdən hipertireozu olan şəxslərin günün ən isti saatlarında birbaşa günəş şüalarından uzaq durması, kifayət qədər maye qəbul etməsi və həkimin tövsiyələrinə əməl etməsi vacibdir.

Bəs hipotireoz zamanı necə?

Qalxanabənzər vəzinin hormonları kifayət qədər istehsal etməməsi hipotireoz adlanır. Bu vəziyyət zamanı yorğunluq, halsızlıq, üşümə, yuxululuq və çəki artımı kimi əlamətlər müşahidə edilə bilər.

Lakin burada mühüm məqam var: günəş şüaları hipotireozun müalicəsi deyil və qalxanabənzər vəzinin fəaliyyətini birbaşa artırmır. Buna görə də “zob xəstələri mütləq günəş altında qalmalıdır” fikri tibbi baxımdan doğru yanaşma deyil.

“Zob” diaqnozu olan hər kəs eyni qaydada davranmamalıdır

Mütəxəssislərin əsas tövsiyəsi budur: “zob” ifadəsi müxtəlif qalxanabənzər vəzi xəstəliklərini əhatə edə bildiyi üçün günəşə məruz qalma ilə bağlı yanaşma da hər xəstə üçün fərqli ola bilər.

Xüsusilə hipertireoz və tireotoksikoz diaqnozu olan şəxslər isti havalarda və günəş altında daha diqqətli olmalıdırlar. Günəşdən qorunmaq, günün ən isti saatlarından uzaq durmaq və fərdi həkim tövsiyələrinə əməl etmək daha məqsədəuyğundur.

Unutmayaq: qalxanabənzər vəzi xəstəliyiniz varsa, günəşə çıxmaqla bağlı qərarı yalnız “zobum var” düşüncəsi ilə deyil, konkret diaqnozunuz, hormon göstəriciləriniz və ümumi sağlamlıq vəziyyətiniz əsasında vermək lazımdır.


Mənbə: unikal.az