“Vahid məktəbli forması uşaqlar arasında sosial-iqtisadi fərqlərin daha az nəzərə çarpmasına, uşaqlar arasındakı ayrıseçkilik riskinin azalmasına və məktəbə aidiyyat hissinin güclənməsinə kömək edir”.
Bu barədə psixoloq Aysel Novruzova vahid məktəbli forması ilə bağlı fikirlərini bölüşərkən deyib.
O bildirib ki, uşaqlar məktəb yaşlarında özlərini həmyaşıdları ilə müqayisə edirlər. Geyim, xüsusilə geyimin markası, qiyməti bu müqayisənin əsas səbəbindən birinə çevrilir: “Burada valideynlərin rolu böyükdür. Onlar uşaqlara geyim qaydalarının məqsədini düzgün izah etməli, eyni zamanda insanın dəyərinin geyimi ilə deyil, biliyi, bacarığı, davranışı ilə ölçülməli olduğunu aşılamalıdırlar.
Müəllim şagirdlər üçün davranış modelidir. Uşaqlar müəllimi yalnız dedikləri ilə deyil, həmçinin geyimi, özünü təqdim etmə tərzindən, davranışından öyrənirlər. Müəllimin geyiminin məktəb mühitinə uyğun olması, məktəb mədəniyyətinin bir hissəsidir”.
Mənbə: qafqazinfo.az